Tikinti materialları mağazasında satıcıya qarşı xuliqanlıq hərəkətləri etmiş alıcı məsuliyyətə cəlb olunub.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri Xətai rayonu Babək prospektində yerləşən mağazaların birində baş verib. Oraya gələn Füzuli rayonu Pirəhmədli kənd sakini 1977-ci il təvəllüdlü H.Kərimov (şərti) xanım satıcının verdiyi suala əsəbiləşərək qışqırmağa və onu təhqir etməyə başlayıb. İctimai yerdə xuliqanlıq etdiyinə görə ərazidəki polis əməkdaşı H.Kərimova yaxınlaşıb və mübahisəyə son qoyub.

37-ci Polis Bölməsinə dəvət edilən vətəndaş barəsində inzibati protokol tərtib edilərək Xətai Rayon Məhkəməsinə göndərilib.

Satıcı ifadəsində bildirib ki, müştəri yaxınlaşaraq almaq istədiyi malın adını söyləyib. Bu zaman ona həmin malın hansı növündən istədiyini soruşduqda H.Kərimov əsəbiləşərək qışqırmağa başlayıb. Zərərçəkmiş şəxs 48 yaşlı kişi barəsində tədbir görülməsini xahiş edib.

Məhkəmənin qərarı ilə H.Kərimov 150 manat cərimə olunaraq sərbəst buraxılıb.