9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli qürurunu, azadlıq və müstəqillik iradəsini, dövlətçiliyimizin möhkəm ideoloji əsaslarını təcəssüm etdirən ən əziz günlərdən biridir. Bu gün təkcə dövlət atributuna hörmət günü deyil, həm də hər bir azərbaycanlının qəlbində doğma Vətənə, onun keçmişinə, bu gününə və gələcəyinə olan sonsuz məhəbbətin, sədaqətin təntənəsidir. Ümummilli Lider Heydər Əliyev demişdir: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.”

Azərbaycanın üçrəngli bayrağının tarixi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə sıx bağlıdır. 1918-ci ilin 9 noyabrında qəbul edilən üçrəngli – mavi, qırmızı və yaşıl zolaqlardan ibarət olan bayraq xalqımızın türk mənşəyini, müasir düşüncəsini və islam mədəniyyətinə mənsubiyyətini simvolizə edir. Lakin sovet dövründə bu müqəddəs rəmz uzun illər unudulmağa məhkum edilmişdi. Yalnız XX əsrin sonunda Ümummilli Lider Heydər Əliyevin qətiyyəti sayəsində üçrəngli bayrağımız yenidən ucaldıldı. Heydər Əliyev 1990-cı ilin noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında sədr kimi çıxış edərək bildirmişdir: “90-cı il noyabrın 17-də biz burada, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik elədiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq… Qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunmalıdır – milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq.”

Ulu Öndərin bu addımı Azərbaycanın müstəqillik yolundakı dönüş nöqtələrindən biri oldu. Onun dediyi kimi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı.”

Heydər Əliyevin rəhbərliyi ilə formalaşan milli dövlətçilik ideologiyası Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsində və bayrağımıza olan sevgi hissinin xalqın yaddaşına əbədi həkk olunmasında mühüm rol oynadı. Ulu Öndər deyirdi: “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir.”

Bu dəyərli fikirlər bugünkü gənc nəslin vətənpərvərlik ruhunda böyüməsinə, dövlət rəmzlərinə hörmətlə yanaşmasına istiqamət verir. Heydər Əliyevin “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik” sözləri hər bir vətəndaş üçün əxlaqi və vətəndaşlıq borcudur.

Ulu Öndərin ideyalarını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də dəfələrlə vurğulamışdır ki, “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir.” 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının açılışında Prezident İlham Əliyev demişdir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır… Eşq olsun, Azərbaycan bayrağına!”

Bu gün həmin arzu artıq gerçəkliyə çevrilmişdir. Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə nəticəsində üçrəngli bayrağımız işğaldan azad edilmiş bütün torpaqlarda dalğalanır. Şuşada, Xankəndidə, Laçında, Füzulidə, Zəngilanda, Cəbrayılda və digər bölgələrdə bu bayraq ucaldıqca hər bir azərbaycanlının qəlbi qürurla döyünür.

9 noyabr – Azərbaycan dövlətinin rəmzinə hörmət və ehtiramın, milli birliyin, müstəqillik düşüncəsinin və vətən sevgisinin simvoludur. Üçrəngli bayrağımızın hər bir rəngi xalqımızın keçdiyi şərəfli tarixi, milli dəyərlərimizi və gələcəyə inamımızı ifadə edir. Bu bayraq dövlətçiliyimizin ideoloji təməlidir və əbədi azadlıq, müstəqillik yolumuzun parlaq rəmzidir.

Yaşasın müstəqil Azərbaycan! Dalğalan daim, ey üçrəngli bayrağım!

 

Şəhla Zeynalova

Bakı Qızlar Universiteti III kurs tələbəsi

Nəsimi rayon gənci