Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov icbari tibbi sığorta haqqına dair təkliflə çıxış edib.
Heftelik.az APA-ya istinadən verdiyi xəbərə görə, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında Rəşad Mahmudov bildirib ki, səhiyyə xərclərinin ÜDM-də payı hələlik 2,7 faiz təşkil edir.
Rəşad Mahmudov qeyd edib ki, beynəlxalq təcrübə göstərir ki, yaxın gələcəkdə səhiyyə büdcəmizin ÜDM dəki payının minimum 5 faizə çıxarılmasına hədəfləməliyik: “İnkişaf etmiş ölkələrdə səhiyyənin dayanıqlılığı icbari tibbi sığorta yığımları hesabına təmin olunur. Bizdə bu sistem hazırda “2 + 2” modelindədir — yəni 2 faiz işəgötürən, 2 faiz işçi ödəyir. Lakin bu, beynəlxalq praktikada minimum səviyyə hesab olunur. Qazaxıstan son illərdə “3 + 3” modelinə keçərək səhiyyə fondlarını ikiqat artırdı. Türkiyədə bu nisbət ümumilikdə 17 faiz, Almaniyada isə 14,6 faizdir. Bu fərqlər təsadüfi deyil, səhiyyə sisteminin xidmət keyfiyyətinə, dərman təminatına və əhalinin məmnunluğuna birbaşa təsir göstərir. Əgər biz yaxın illərdə dayanıqlı, alıcatan və keyfiyyətli səhiyyə xidmətləri qurmaq istəyiriksə, mərhələli şəkildə “2 + 2” modelindən “4 + 4” səviyyəsinə keçid vacibdir. Bu keçid təkcə faiz artımı deyil, bu üç strateji nəticə verəcək. Birincisi, sistem dayanıqlığı artacaq, dövlətin maliyyə yükü azalacaq, sığorta fondu sabit gəlir axınına çevriləcək. Xidmət keyfiyyəti yüksələcək, yığımlar hesabına xidmət zərfi və dərman təminatı genişlənəcək. Vətəndaş məmnunluğu artacaq, ödəyən hər kəs aldığı xidmətin qarşılığını daha aydın görəcək. Bu məsələ ictimaiyyət tərəfindən bəzən yanlış başa düşülür, “əlavə yük” kimi təqdim olunur. Amma əslində, bu mexanizm dövlətin üzərindən yükü azaldan deyil, vətəndaşın sağlamlıq hüququnu daha güclü təmin edən bir sistemdir. Çünki sığorta yığımının artması deməkdir ki, daha çox vətəndaş daha keyfiyyətli xidmət alacaq, sistem isə maliyyə baxımından özünü təmin edən və şəffaf olacaq. Bu tədbirlər həyata keçərsə, səhiyyə xərclərinin ÜDM-dəki payı yaxın 4–5 il ərzində 5 faiz səviyyəsinə çatdırıla bilər. Bu isə artıq Avrasiya ortalamasına uyğun bir nəticə olacaq”.
Maliyyə naziri Sahil Babayev isə bildirib ki, Azərbaycan səhiyyə xərcləri son 5 ildə 160 % artırır: “Avropa ölkələrində daha yüksək rəqəm ola bilər. Lakin toplanan icbari tibbi sığorta haqlarının dəyərinə də baxın. Bu gün özəl sektora əlavə yük gətirməyə, icbari tibbi sığorta haqlarını artırmağa ehtiyac yoxdur”.
