Şəkidə 2003-cü il təvəllüdlü Sevindir Yamən oğlu Abdurahmanovun idarə etdiyi “Mercedes E-220” markalı, 04-BM-692 dövlət nömrə nişanlı avtomobillə 1994-cü il təvəllüdlü Pərviz Bəşarət oğlu Allahverdiyevin idarə etdiyi “Chevrolet Cruze” markalı, 55-CC-770 dövlət nömrə nişanlı minik avtomobili toqquşub.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saat 19.00 radələrində Şəki–Qax avtomobil yolunun İncə kəndi ərazisindən keçən hissəsində baş verib, 6 nəfər xəsarət alıb.
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan “Mercedes”in sürücüsü S. Abdurahmanov sükan arxasında sıxılmış vəziyyətdə qalıb.
O, Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri tərəfindən xüsusi qəza-xilasetmə alətləri vasitəsilə avtomobildən çıxarılaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Şəki rayon şöbəsinin həkim briqadasına təhvil verilib.
TƏBİB-dən bildirilib ki, Şəki rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 09.11.2025-ci il tarixində saat 20:00 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 6 nəfər (4 kişi, 2 qadın) hospitalizasiya olunub. Müxtəlif bədən xəsarəti alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müayinəsi və maalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri ağır qiymətləndirilir.
