Bakıda qeyri-rəsmi münasibətdə yaşadığı hamilə arvadının üzünü ülgüclə kəsən, atasına isə xəsarət yetirən 1983-cü il təvəllüdlü Camal Məmmədovun (ad-soyad şərtidir) məhkəmə prosesi başa çatıb.
Heftelik.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs 4 il müddətinə azadlıqdan məhrum edilib.
Camalın həbsinə səbəb olan hadisə bu ilin yanvarında Bakının Xətai rayonu ərazisində kirayə yaşadığı evdə baş verib.
Belə ki, o, atası Nadir Məmmədovla xanımı Nigar Məmmədovanın münasibətindən şübhələndiyi üçün əvvəlcə qadının üz nahiyəsini ülgüclə kəsib. Camal daha sonra onları ayırmağa gələn atasına qazan qapağı ilə xəsarətlər yetirib.
Məhkəmədə həm qadın, həm də Camalın atası hadisəyə səbəb kimi göstərilən iddiaları təkzib edib. Hər iki zərərçəkən Camalın narkotikdən əziyyət çəkdiyini, buna görə əvvəllər üç dəfə məhkumluq həyatı yaşadığını bildirib.
Bundan başqa Nigar Məmmədova bildirib ki, Camalın üzünə yetirdiyi xəsarətlərin nəticələrini aradan qaldırmaq üçün çoxsaylı estetik cərrah həkimlərinə müraciət etsə də, heç bir həkim-mütəxəssis ona üzündəki izlərin estetik-cərrahi müdaxilə ilə əvvəlki halına qayıdacağını bildirməyib.
Nigar onu da bildirib ki, hadisədən iki gün sonra evdə hamiləliyi pozulmaqla bətnindəki döl tələf olub.
Məhkəmədə Nigarın üzündəki kəsiklərlə bağlı ekspertizanın da rəyi səsləndirilib. Bildirilib ki, onun üz nahiyəsində olan çapıqlar hazırda sifətdə asimmetriya və mimika pozğunluğu yaratdığından silinməz hesab edilməsinə baxmayaraq, həmin xəsarətlər dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aiddir.
