Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə Xəyal Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, məhkəmə zərərçəkənin ifadəsi ilə davam edib. Zərərçəkən Elnur Məmmədov təqsirləndirilən şəxslə əvvəllər dostluq münasibətlərinin olduğunu deyib:
“Xəyal 20 manat pul almışdı məndən, neçə müddət idi ki, qaytarmırdı. Zəng elədim buna, dedim “Pulu qaytarmaq fikrin yoxdur?” Başladı bəhanələr gətirib məni acılamağa. Telefonda bir-birimizi söydük. Özüm də içkili idim, durub gəldim onun işlədiyi bazara. Yaxınlaşanda gördüm əlindəki göy dəstəkli bıçaqla meyvə soyub yeyir. Məni görən kimi üstümə hücum çəkdi, amma mənə gücü çatmadı. Onu yerə yıxdım. Toplaşanlar bizi ayırdılar. Maşına oturub getdim, gedə-gedə güzgüdə gördüm ki, sifətim qanayıb, üzümdə qanlı cızıq var. Təzədən geri qayıtdım, dedim “Mənə “şram” çəkmək istəyirdin, üzümə niyə vurdun?” Üzümə tüpürdü. Təzədən bir-birimizə hücum elədik. Mən ona heç vaxt pis olmamışam. Ürəyi xaş istəyib, gətirib yedirtmişəm. Allah şeytana lənət eləsin, beş on-dəqiqəlik bir əsəbin oyununa düşdük”.
Daha sonra zərərçəkənin müxtəlif vaxtlarda verdiyi ifadələri məhkəmədə səsləndirilib. Bu zaman ifadələrdə olan ziddiyyət və uyğunsuzluq məlum olub. Zərərçəkən buna səbəb kimi həmin vaxt içkinin təsirində olduğunu dedi. Şahid ifadələrinin dinlənilməsi üçün növbəti məhkəmə dekabrın 5-nə təyin edildi.
Xatırladaq ki, 31 yanvar 2025-ci il tarixində Hüseynov Xəyal Ramiz oğlu tanışı Elnur Məmmədovu münaqişə zəminində bıçaqlayaraq xəsarət yetirib. Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan X. Hüseynova qarşı Cinayət Məcəlləsinin 29, 120.2.2 və 221.3-cü maddələri ilə ittiham irəli sürülüb.
