Ağdam — Azərbaycan xalqının yaddaşında təkcə bir şəhər deyil, həm də mədəniyyətin, zəhmətin, mərdliyin və qürurun simvoludur. Uzun illər boyu işğal altında qalan bu torpaqlar, dağıdılmış evlər, məhv edilmiş məscidlər və viran qoyulmuş küçələr indi yenidən dirçəliş dövrünü yaşayır. “Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır” ifadəsi sadəcə bir ümid deyil, bu gün artıq reallaşan bir həqiqətdir.
1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Ağdam şəhəri, demək olar ki, tamamilə yerlə-yeksan edilmişdi. Binalar dağıdılmış, kəndlər viran qoyulmuş, minlərlə insan öz doğma yurd-yuvasından didərgin salınmışdı. Lakin 2020-ci ilin 10 noyabr tarixində Azərbaycan Ordusunun möhtəşəm Zəfəri nəticəsində Ağdam rayonu işğaldan azad olundu. Bu, təkcə torpaqlarımızın deyil, həm də milli qürurumuzun, ədalətimizin bərpası idi. Ağdamın azad edilməsindən sonra burada genişmiqyaslı bərpa və yenidənqurma işlərinə start verildi. Qısa zamanda infrastruktur layihələri həyata keçirilməyə başlandı — yollar çəkildi, enerji xətləri bərpa olundu, su və qaz təminatı sistemi quruldu. Yeni yaşayış məhəllələri, məktəblər, xəstəxanalar və mədəniyyət ocaqları inşa edilir. 2023-cü ildə artıq “Ağdam şəhərinin baş planı” təsdiqləndi. Bu plan çərçivəsində şəhərin müasir, ekoloji cəhətdən təmiz və ağıllı şəhər kimi inkişafı nəzərdə tutulur. Ağdam “ağıllı şəhər” konsepsiyası üzrə tikilən ilk bölgələrdən biri olacaq. Bu da onu göstərir ki, Ağdam yalnız əvvəlki vəziyyətinə qaytarılmayacaq, hətta daha da inkişaf etmiş bir şəhərə çevriləcəkdir.
Ağdam torpaqları çox bərəkətli və məhsuldardır. İşğaldan əvvəl bu ərazi Azərbaycanın əsas kənd təsərrüfatı rayonlarından biri idi. İndi həmin torpaqlarda yenidən həyat qaynayır. Aqroparkların, müasir istixanaların, emal müəssisələrinin yaradılması istiqamətində mühüm addımlar atılır. Bu, həm bölgədə məşğulluğu artıracaq, həm də ölkə iqtisadiyyatına töhfə verəcəkdir. Ağdam həm də mədəniyyət beşiyi kimi tanınırdı. Şəhər “Qarabağın incisi” adlandırılırdı. Burada bir çox görkəmli sənətkarlar, yazıçılar və şairlər yetişmişdir. Ağdam Dram Teatrı, Cümə məscidi, İmarət kompleksi və bir çox digər mədəni abidələr bu torpağın zəngin tarixindən xəbər verir. Hazırda bu mədəni irsin bərpası və qorunması istiqamətində dövlət səviyyəsində işlər görülür. Ağdam Cümə məscidi artıq bərpa olunub və ibadət üçün açılıb. Bu, həm dini, həm də mənəvi baxımdan böyük bir rəmzi məna daşıyır. Çünki bu məscid təkcə bir ibadətgah deyil, həm də xalqımızın dözümlülüyünün, mənəvi birliyinin simvoludur.
Bu gün Ağdama həyat qayıdır. Köçkünlər doğma torpaqlarına qayıtmaq üçün səbirsizliklə gün sayırlar. İlk mərhələdə artıq yüzlərlə ailə Ağdama qayıdıb və yaşayış evlərinə yerləşdirilib. Onların sevinci, ümid dolu baxışları bu torpağın gələcəyinə olan inamı daha da gücləndirir. Ağdamın yenidən qurulması təkcə fiziki bərpa deyil, həm də mənəvi qayıdışdır. Bu, Vətən sevgisinin, milli həmrəyliyin və dövlətimizin qüdrətinin təcəssümüdür.
Nəticə etibarilə Ağdamın əvvəlki şöhrəti mütləq bərpa olunacaq — çünki bu torpaqların hər qarışı Azərbaycan xalqının qanı, əzmi və sevgisi ilə yoğurulub. Bugünkü Ağdam sabahın inkişaf etmiş, müasir və firavan şəhəri olacaq. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən böyük quruculuq siyasətinin nəticəsidir.
Ağdam dirçəlir, Azərbaycan güclənir. Bu, təkcə bir şəhərin deyil, bütün ölkəmizin Zəfər hekayəsidir.
Ləman Xudaşlı
Bakı Qızlar Universiteti tələbəsi
Nəsimi rayon gənci
