Ali Baş Komandan İlham Əliyev: “Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik”

Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Ağdam həm tarixi, həm mədəniyyəti, həm də strateji mövqeyi ilə Qarabağın ayrılmaz parçasıdır. Qarabağ düzü ilə dağətəyi zonanın qovuşuğunda yerləşən bu ərazi əsrlər boyu ticarət, sənətkarlıq, kənd təsərrüfatı, musiqi və ictimai həyatın mərkəzlərindən biri kimi tanınıb. Ağdam rayonu rəsmi olaraq 1930-cu ildə inzibati vahid kimi yaradılıb. Lakin bu torpağın tarixi bundan qat-qat qədim dövrlərə dayanır. Qarabağ xanlığının mühüm bölgələrindən biri olan Ağdam XVIII–XIX əsrlərdə də sosial-siyasi və mədəni həyatın mühüm mərkəzi idi. Rayonun yaradılması ilə birlikdə Ağdamda infrastrukturun formalaşdırılması, kənd təsərrüfatının inkişafı, mədəniyyət ocaqlarının yaradılması, məqliyyat şəbəkəsinin genişlənməsi və əhalinin müxtəlif sahələrdə ixtisaslaşması kimi proseslər sürətlə irəlilədi. XX əsrdə Ağdam təkcə iqtisadi baxımdan deyil, həm də Azərbaycan musiqi və mədəniyyət mühitinin ən parlaq ünvanlarından birinə çevrildi. Sahəsi 1094 kvadrat kilometr olan Ağdam rayonu Azərbaycanın təbii-coğrafi baxımdan ən əlverişli bölgələrindən biridir. Rayonun relyefi əəsasən düzənlik, qismən dağlıq sahələrdən ibarətdir. Bu xüsusiyyət Ağdamı həm kənd təsərrüfatı, həm də yaşayış məskənləri baxımından əlverişli etmişdir. Ağdamın yerləşdiyi məkan strateji baxımdan da mühümdür. Belə ki, rayon Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərb hissəsində və Qarabağın mərkəzindədir. Bu mövqe rayonun həm təsərrüfat, həm nəqliyyat, həm də müdafiə baxımından əhəmiyyətini tarix boyu artırıb.

Ağdam təkcə təbiəti və iqtisadi potensialı ilə deyil, həm də zəngin mədəni irsi ilə seçilmişdir. Bu torpaqda Qarabağ xanlığının izləri, qədim məscidlər, karvansaralar, tarixi yaşayış məskənləri, aşıq və muğam mədəniyyəti özünəməxsus şəkildə formalaşmışdır. Ənənəvi olaraq Ağdam Qarabağ muğam məktəbinin mərkəzlərindən biri kimi tanınıb. Bir çox tanınmış xanəndə, saz-söz ustası və sənətkar bu bölgədən çıxmışdır.

Ağdam rayonu XX əsrin sonlarında Ermənistanın genişmiqyaslı təcavüzünün ən böyük qurbanlarından birinə çevrildi. Coğrafiyası, mədəniyyəti, iqtisadi potensialı və əhalisinin zəhmətkeşliyi ilə seçilən Ağdam, 1993-cü ildə faciəli şəkildə işğala məruz qaldı. 20 noyabr Azərbaycan tarixinə qürur dolu bir gün kimi həkk olunub. Bu tarix uzun illər işğal altında qalmış və yerlə-yeksan edilmiş Ağdam şəhərinin azadlığı, eyni zamanda onun taleyinin yenidən yazıldığı gündür. Əsrlərin memarlıq irsini, mədəniyyətini, sənətini özündə yaşadan Ağdam 30 ilə yaxın müddətdə dünya miqyasında şəhər vandalizminin ən acı simvollarından birinə çevrilmişdi. Lakin 2020-ci ildə Azərbaycanın tarixi Zəfəri ilə bu torpaqlara ədalət qayıtdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözləri bu gün artıq yeni bir dövrün manifesti kimi səslənir: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın”. Bu sözlər təkcə bir siyasi bəyanat deyil, Azərbaycanın müasir yenidənqurma fəlsəfəsini xarakterizə edən tarixi bir çağırışdır.

İşğaldan azad edilən Ağdamın mənzərəsi bəşəriyyət üçün sarsıdıcı bir həqiqəti ortaya qoyurdu: şəhər demək olar ki, xəritədən silinmişdi. Məşhur Çörək Muzeyindən tutmuş Şahbulaq qalasına, qədim məscidlərdən kəndlərin infrastrukturlarına qədər hər şey dağıdılmış, yandırılmış və talan edilmişdi. Ağdam yalnız Azərbaycan üçün deyil, bütün region üçün mədəniyyət paytaxtı statusuna malik idi. Bu şəhər Qarabağ muğam məktəbinin beşiyi, sənətkarların yurdu, tarixin və mədəniyyətin canlı muzeyi idi. İşğal illərində isə o, “Qafqazın Xirosiması”, “Ruhlar şəhəri” adlandırılırdı.

Ağdamın işğaldan azad edilməsi təkcə hərbi əməliyyat deyil, həm də milli birlik və dövlət iradəsinin təntənəsi idi. Bu böyük nailiyyətin əbədiləşdirilməsi məqsədilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il noyabrın 26-da xüsusi bir döş nişanı – “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. Bu medal Ağdamın azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, qəhrəmanlıq, şücaət və döyüş ruhu nümayiş etdirmiş Azərbaycan Silahlı Qüvvələri hərbi qulluqçularının əməyinin dövlət səviyyəsində qiymətləndirilməsi idi.

Ağdam–Azərbaycanın Qarabağ regionunda strateji və mədəni baxımdan çox önəmli şəhərdir. 2020-ci il Zəfəri ilə bu torpaq azad edildikdən sonra Prezident İlham Əliyevin Ağdama bir neçə səfəri olmuş, bu səfərlər zamanı şəhərin bərpası, infrastrukturun qurulması və dirçəlişə yönələn çoxsaylı layihələr elan edilmiş və açılışları edilmişdir. Azərbaycan dövləti Ağdamın bərpasını milli prioritet elan edib. İşğaldan sonra həyata keçirilən ilk mühüm layihələrdən biri məhz Ağdamda aparılıb və şəhərin Baş Planı qısa müddətdə hazırlanaraq təqdim edilib. Baş Planın əsas hədəfləri ağıllı şəhər konsepsiyasının tətbiqi, müasir infrastrukturun qurulması, yaşayış məhəllələrinin yenidən salınması, tarixi-mədəni abidələrin restavrasiyası və yaşıl enerji və ekoloji davamlılıq prinsiplərinin həyata keçirilməsidir. Hazırda Ağdamda geniş miqyaslı tikinti və bərpa işləri davam edir. Yeni yollar, elektrik və su xətləri, müasir kommunikasiya infrastrukturu, yaşayış kompleksləri, sənaye parkları, məktəblər və sosial obyektlər tikilir. Bu proseslər Azərbaycan dövlətinin Qarabağın dirçəlişi üçün iradəsinin göstəricisidir.

Bərpa olunan Ağdam təkcə yaşayış məskəni kimi deyil, həm də sənaye və innovasiya şəhəri kimi nəzərdə tutulur. Ağdam Sənaye Parkının yaradılması regionda iqtisadi həyatın yenidən dirçəlməsinə böyük töhfə verəcək. Eyni zamanda şəhərin tarixi simvolu olan abidələrin bərpası mədəni irsin yaşadılmasını təmin edəcək. Çörək Muzeyinin yenidən qurulması, Ağdam məscidinin bərpası, Təbrizli Karvansarayının restavrasiyası bu sahədə həyata keçirilən mühüm addımlardandır. Ağdamı dirçəldən yalnız binalar, yollar və layihələr deyil, bu torpağa könüllü şəkildə qayıdan insanlardır. Öz doğma yurdunu tərk etmək məcburiyyətində qalan yüzlərlə ailə artıq geri dönmək üçün qeydiyyatdan keçib və dövlət onlara tam təhlükəsiz, müasir şəraitli həyat mühiti yaratmaq üçün çalışır. Ağdamın yenidən qurulması, həm də qayğı, ümid, qürur və milli birliyin təcəssümüdür.

20 Noyabr – Ağdam şəhəri günü təkcə azadlığı qeyd etmək deyil, həm də dağıdılmış bir şəhərin necə yenidən doğulduğunu dünyaya göstərməkdir. Azərbaycan bu gün Ağdamı təkcə bərpa etmir, onu daha möhtəşəm və müasir bir şəhərə çevirir. Prezident İlham Əliyevin dediyi kimi, bu yolda heç bir şübhə yoxdur: Ağdam tamamilə bərpa olunacaq, daha güclü, daha gözəl və daha əzəmətli şəkildə dirçələcək.

 

Kamal Kamal
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi