Məhkəmələrdə məhkəmə iclas katibi vəzifəsinə qəbul olunan şəxslərin dairəsi genişləndirilir.

Bu barədə Heftelik.az-a Məhkəmə-Hüquq Şurasından məlumat verilib.

Məlumata görə, Məhkəmə-Hüquq Şurası tərəfindən ölkəmizin bəzi bölgələrində hüquqşünas kadrlarının çatışmazlığı, müvafiq vəzifənin öhdəlikləri, həmçinin yaranmış zərurətlə əlaqədar birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə iclas katibi vəzifəsinin tutulma şərtləri araşdırılıb.

Belə ki, müvafiq vəzifə təlimatının “Təhsilə dair tələblər” bölməsində Hüquqşünaslıq ixtisası ilə yanaşı, Filologiya, Fəlsəfə, Tərcümə (dillər üzrə), Jurnalistika, Kitabşünaslıq, Tarix, Politologiya, Psixologiya, Sosiologiya, Regionşünaslıq (regionlar üzrə), Beynəlxalq münasibətlər, Kitabxanaçılıq və informasiya, Dövlət və ictimai münasibətlər, Dövlət və bələdiyyə idarəetməsi və Sosial iş ixtisasları da daxil edilib.

Bildirilib ki, bu dəyişiklik kadr potensialının genişləndirilməsinə, məhkəmə proseslərinin effektivliyinin artırılmasına, gənclərin məhkəmə sisteminə cəlb edilməsinə, inzibati idarəetmə keyfiyyətinin yüksəldilməsinə və s. məqsədlərə xidmət edir.

Qeyd edilib ki, indiyədək məhkəmə iclas katibi vəzifəsinə yalnız “Hüquqşünaslıq” ixtisası üzrə ali təhsili olan şəxslər müraciət edə bilirdilər. Yeni mexanizm daha çevik və inklüziv kadr siyasətinin həyata keçirilməsinə imkan verəcək və məhkəmə sistemində insan resurslarının inkişafına mühüm töhfə verəcək.