Bizim yolumuz xalqın yoludur, müstəqilliyin, dövlətçiliyin və inkişafın yoludur. Yeni Azərbaycan Partiyası (YAP) müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında həlledici rol oynamış siyasi təşkilatdır. 1992-ci il 21 noyabrda yaranan Yap, Azərbaycanın o dövrkü siyasi, sosial və iqtisadi böhranından çıxışı təmin edən ümummilli hərəkatın nəticəsi idi. Xalqın tələbi ilə siyasi səhnəyə qayıdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan bu partiya qısa zamanda ictimai etimad qazandı. Partiyanın artıq ilk gündən əsas məqsədi Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, dövlət quruculuğunu təmin etmək, təhlükəsizliyi, sabitliyi və inkişafı reallaşdırmaq idi. YAP dövlətçilik məfkurəsi üzərində qurulmuş, milli-mənəvi dəyərlərə söykənən, demokratik prinsipləri dəstəkləyən siyasi təşkilat kimi fəaliyyət göstərir. Onun əsas məqsədləri Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi, Siyasi sabitlik və təhlükəsizliyin təmin edilməsi, Sosial-iqtisadi inkişafın sürətləndirilməsi, Cəmiyyətin rifah halının yüksəldilməsi, habelə, Qarabağın və işğal olunmuş bütün ərazilərin azadlığı uğrunda mübarizə, Gənclərin siyasi fəallığının artırılması uğrunda çalışmaq, Dövlət maraqlarının beynəlxalq arenada müdafiəsidir. YAP həmçinin milli həmrəyliyi, sosial ədaləti və qanunun aliliyini  əsas dayaqları kimi qəbul  etmişdir. 1993-cü ildən başlayaraq YAP Azərbaycan dövlətinin bütün tarixi dönüş anlarında ön cəbhədə olmuşdur. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkənin dağılmaq təhlükəsi aradan qaldırıldı, sabitlik və inkişafın təməli qoyuldu. Bu dövrdən başlayaraq, Konstitusiyamız qəbul edildi, neft strategiyamız  formalaşdırıldı, “Əsrin müqaviləsi” imzalandı, iqtisadi islahatlar həyata keçirildi, xarici sərmayələr ölkəyə cəlb olundu, güclü ordu quruculuğu başlandı. Hansı ki Azərbaycanı qələbəyə aparan yolu oldu.

2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu dövrdə isə, Azərbaycan regionun aparıcı dövlətinə çevrildi, nəhəng infrastruktur layihələri həyata keçirildi, sosial proqramlar genişləndi, diaspor və xarici siyasət gücləndirildi, ordumuz ən yüksək səviyyəyə qaldırıldı. Bununla da Vətən müharibəsində tarixi Zəfər qazanıldı. Bu nailiyyətlərin hamısı YAP-ın siyasi kursunun davamlılığı və dövlətçilik ənənəsinin qorunması ilə mümkün oldu. Yeni Azərbaycan Partiyasının ən böyük gücü xalqla birliyindədir. Partiyanın yaranması da, yüksəlişi də, qələbələri də xalqın etimad və dəstəyi ilə baş tutmuşdur. YAP öz fəaliyyətində həmişə vətəndaşın problemini, haqqını, rifahını prioritet saymış, minlərlə insanın sosial məsələlərinin həllində iştirak etmişdir.

Yap həmçinin, qarşıdakı illərdə ölkənin inkişaf strategiyasını daha da gücləndirmək üçün bir sıra hədəflər müəyyən etmişdir, bunlara, 2040–cı ilədək iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi, Qarabağın tam bərpası və Böyük Qayıdışın sürətləndirilməsi, rəqəmsal dövlət və süni intellekt layihələrinin genişləndirilməsi, gənclərin dövlət idarəçiliyində daha fəal iştirakı, sosial rifahın daha da yüksəldilməsi, enerji, nəqliyyat və logistika sahələrində regional liderliyin möhkəmləndirilməsi, yaşıl enerji zonalarının genişləndirilməsi (Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda) aiddir. Bu planlar partiyanın gələcəyə inamla baxdığını və Azərbaycanın XXI əsrin aparıcı ölkələrindən birinə çevrilməsi yolunda ardıcıl siyasət yürütməyə davam etdiyini göstərir. Yeni Azərbaycan Partiyası Azərbaycanın müstəqillik tarixinin əsas siyasi dayaqlarından biridir. Dövlətin qurulması, qorunması və inkişafı prosesində YAP həm tarixi missiya yerinə yetirmiş, həm də gələcək nəsillər üçün sabit, güclü və irəliyə gedən Azərbaycan modeli formalaşdırmışdır. Bu gün YAP təkcə bir siyasi partiya deyil, o, dövlətçilik məktəbi, milli həmrəyliyin simvolu, qalib Azərbaycanın ideoloji dayağıdır.

“Azərbaycanın gələcəyi güclü dövlətçilikdə, milli birliyimizdə və xalq–hakimiyyət vəhdətindədir.”

 

Sevinc Hüseyinova

Bakı Qızlar Universiteti tələbəsi

Nəsimi rayon gənci