“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Nərimanov” stansiyasındakı körpü yararsız hala düşüb.

Həftəlik.az xəbər verir ki, körpünün taxta döşəməsinin müxtəlif yerlərində çürümə baş verib.

Nəticədə körpüdə hərəkət çətinləşib, piyadaların həyatı üçün təhlükə yaranıb.

“Buradan böyük adamlarla yanaşı məktəblilər də keçib gedirlər. Allah eləməmiş, döşəmənin çürük taxtası qırılsa, camaatın ayağı sına bilər, daha betər hadisələr baş verə bilər”, – sakinlər şikayətlənib.

Sakinlərin sözlərinə görə, axşamlar körpüyə aparan yolda, eləcə də körpüdə işıqlandırmanın olmaması təhlükəni daha da artırır.

Sakinlər həmçinin qatarların “Nərimanov” stansiyasında dayanmamasından da şikayət ediblər.

“Əgər Bakı-Xırdalan–Sumqayıt və Bakı–Pirşağı–Sumqayıt–Bakı xətləri üzrə hərəkət edən qatarlar “Nərimanov” stansiyasında dayansa, bu, təkcə bizim üçün deyil, “Montin” adlanan ərazidə, Ağ şəhərdə işləyən şəxslər üçün də əlverişli olar”.