Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Partiya) Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyasının üzvlərinin həbsdə olan PKK terror təşkilatının başçısı Abdullah Öcalanla İmralıda görüşməsi ideyasına müsbət yanaşır.

Heftelik.az-ın məlumatına görə, bu barədə AK Partiya Qrup sədri Abdullah Gülər açıqlama verib.

O bildirib ki, partiyası komissiyanın İmralıya səfəri ilə bağlı müsbət fikirdədir. Nəticə müsbət olarsa, parlament komissiyası İmralı adasında terror təşkilatının lideri Abdullah Öcalanla görüş həyata keçirə bilər.

Gülər həmçinin bildirib ki, görüşdə iştirak edəcək nümayəndənin adı hələlik bəlli deyil.

Qeyd edək ki, Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı Komissiya Abdullah Öcalanla görüşə nümayəndə heyəti göndərməzsə, 3 partiyadaşı ilə Abdullah Öcalanla görüş üçün İmralıya gedə biləcəyini bəyan edib.  Türkiyə Prezidenti və AK Partiyanın sədri Rəcəb Tayyob Ərdoğan Dövlət Bağçalının cəsarətini, terrorsuz Türkiyə prosesinə töhfəsini yüksək qiymətləndirdiyini vurğulayıb.