Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Heftelik.az  xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yaşayış binasında baş vermiş yanğın söndürülüb, mənzillər yanğından mühafizə olunub.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, bu gün 19:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb. Çağırış ünvanına 18 təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 15 nəfərə ilkin tibbi xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Bu ana qədər ümumilikdə 20 nəfər (5 nəfər özü müraciət etməklə) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

3 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.

Yanğın zamanı 1984-cü il təvəllüdlü Samir Kamal oğlu Məhəmmədov, 2018-ci il təvəllüdlü Arzu Əli qızı Qəmbərli və 1977-ci il təvəllüdlü Könül Vəlibəy qızı Hümbətova dünyasını dəyişib.