Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində beşmərtəbəli binada partlayış baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

FHN-in Mətbuat xidmətindən Heftelik.az-a verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli ofis binasında yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi və dağıntıların yarandığı müəyyən edilib.

FHN qüvvələri tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 7 nəfər xilas edilib, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Kliniki Tibbi Mərkəzən bildirilib ki, bu gün saat 09:00 radələrində Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi səbəbilə xəsarət alan 5 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Onlardan 1 nəfərə (kişi) termiki yanıq, 4 nəfərə isə (1-i kişi, 3-ü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnouz təyin olunub.

Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir

***

saat 10.02

Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində partlayış olub.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, partlayış obyektdə qeydə alınıb.

Partlayış nəticəsində 7 nəfər xəsarət alıb.

REAL TV-nin məlumatına görə, partlayış “AFEN Plaza” biznes mərkəzində baş verib.

***

saat 09.54

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.

FHN-dən  Heftelik.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.