Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə Məhərrəm Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Heftelik.az. Lent.az-a istinadən xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxsin ifadəsi ilə başlayıb:

“Nərimanov tərəfdə atam və dostumla oturmuşdum. Bacımdan zəng gəldi ki, Zəhmət gəlib, özündə deyil, dava salır. Mən tez durub evə yollandım, məhəlləyə yaxınlaşanda, adam çoxluğundan Zəhməti görmədim, ancaq səsini eşidirdim. Qışqırırdı ki, övladlarımı gizlədirlər, mənə göstərmirlər. Ona yaxınlaşıb qoluna girdim, sakitləşdirməyə çalışdım onu. Dedim ki, nə olub sənə, kim səndən uşaq  gizlədir, odur evdə yatırlar. Birtəhər yola gətirib apardım evə, keçib uşaqlarını gördü, kövrəldi. Dedim ki, qal burada, sabah növbədəyəm, o biri gün uşaqları gətirərəm. Razılaşmadı, gedəcəyini bildirdi. Fikirləşdim ki, aparım onu evinə, yatıb sakitləşsin. Biz maşına əyləşəndə elə o elə zənn elədi ki, həyətdə dayanan qonşulardan kimsə buna təhqiredici nə isə deyib. Dərhal özündən çıxıb ona cumanda, qoymadım. Atam da mənimlə maşına minəndə Zəhmət dedi ki, mənim Məhərrəmlə işim var, təklikdə danışmaq istəyirəm”. Yola düşdük. Getdiyimiz yerdə birdən o qəfil qapını açıb yerə düşdü. Tez onu tutdum, mənə söylədi ki, sənin qonşun məni təhqir edib, gedib onun cavabını verəcəm. Birtəhər onu sakitləşdirib maşına oturtdum. Nərimanov prokurorluğunun qabağından keçəndə dedi ki, gedək  yanacaqdoldurma məntəqəsinə, mənə evdə benzin lazımdır. Dilə tutmağa, fikrindən daşındırmağa çalışdıqca qızışdığını görüb, dava çıxmasın deyə naəlac dediyi yerə apardım. Pulu özü verdi, özü qabı doldurdu. Qab dolanda Zəhmət qəfil qabı şlanqdan dartdı, götürüb tökdü başına. Qışqırdı ki, bəs demişdin məni yandıracaqsan, yandır da  indi. Bunu görəndə əlim-ayağım boşaldı, özümü pis hiss elədim. Dedim ki, ay qardaş, sən nə danışırsan, nə yandırmaq? Zəhmət ikinci, üçüncü dəfə başına benzin tökdü. Bir də onu gördüm ki, gözümün qabağında yanmağa başladı. Bunu görüb ona kömək etməyə çalışdım, lakin o mənə barmaq hərəkəti göstərərək, sənə bu da azdır dedi. Tez ataya zəng edib Zəhmətin özünü yandırdığını dedim və evə qayıtdım ki, atanı götürüm. Həyətə çatanda qonşular dedi ki, ata yanacaqdoldurma məntəqəsinə getdi. Təzədən ora qayıdanda dedilər ki,  Zəhməti aparıblar təcili yardıma. Daha sonra ata ilə getdik 17-ci bölməyə ifadə verməyə”.

Növbəti dəfə təqsirləndirilən M.Hüseynzadə  dövlət ittihamçısının və vəkillərin  suallarını cavablandırıb.

Zərərçəkənin hüququ varisi Əhmədova Vəzifə oğlunun içkili vəziyyətdə  qudasının evində getdiyini qəbul etdiyini deyib:

“Məhərrəm, sən niyə onun valideynlərinə xəbər etmədin ki, gəlin uşağınıza yiyə durun? Gəlin bir neçə ay idi acıq edib getmişdi atası evinə. Zəhmət arada uşaqlarını görmək üçün gedirdi, qalırdı da orada. Komaya düşmüşdüm, gəlin bir dəfə halımı soruşmadı, Zəhmət buna görə küsmüşdü ondan. Hadisə barədə bizə xəbər verməyiblər, səhəri günü eşitmişik. 28 gün uşağım xəstəxanada zülm çəkib, qışqırığı, əzabı ərşə çıxırdı, gəlinin ailəsi bir dəfə də onu ziyarətə gəlməyiblər, qapımızı açmayıblar. Öləndə də gəlib halallaşmadılar”.

Daha sonra Zəhmət Əhmədovdan xəstəxanada olarkən alınan video müsahibə təqdim olunub.

Şahid Nurəddin Hüseynov hadisə baş verən gün evdə olduğunu dedi:

“Evdə yatmışdım. Qapı bərk-bərk döyüldü. Durdum ki, qapını döyən Zəhmətdir. Nə qədər dedim, içəri gəlmədi. Başladı qonşuların qapılarını döyməyə. Gecə 2-də belə hadisənin olmasından xəcalət çəkdim. Sakitləşdirməyə çalışdıq. Sonra Məhərrəm gəldi”.

Bundan sonra növbəti məhkəmə prosesi 1 dekabr saat 16:00-a  təyin olunub.

Xatırladaq ki, Məhərrəm Hüseynzadə 2025-ci ilin may ayının 29-u, gecə saat 1 radələrində ailə üzvləri ilə birlikdə yaşadıqları Nizami rayonu, Fərzəliyev küçəsi 2 ünvanında olan zaman, bacısının keçmiş əri Zəhmət Əhmədov sərxoş halda ora  gələrək, səs-küy yaradıb. Bina sakinlərini narahat etməməsi üçün Məhərrəm onu oradan uzaqlaşdırmaq məqsədi ilə BMW markalı avtomobilə əyləşdirib. Yolda aralarında yaranmış sözlü mübahisə zamanı, Zəhmət Əhmədovun söyüşlərindən hiddətlənərək maşını yanacaq doldurma məntəqəsinə sürüb. 1 litrlik plastik qaba yanacaq dolduran Məhərrəm Hüseynzadə onu Zəhmət Əhmədovun üzərinə töküb və od vurub. Zərərçəkən bir gündən sonra müalicə aldığı Nərimanov Tibb Mərkəzinin yanıq şöbəsində vəfat edib. Məhərrəm Hüseynzadə həbs olunub, ona qarşı CM-nin 120.2.4. (qəsdən adam öldürmə – xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.