Xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Mirheydər İsmayılov və onunla birgə ittiham edilən digər şəxslərin məhkəmə prosesi keçirilib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Mirheydər İsmayılova 8 il, Murad Həziyevə 10 il 6 ay cəza, Emil Rəsulov, Samir İbrahimov, Zamiq Əbdürrəhmanov, Murad Həziyevə 1 il sınaq müddəti olmaqla şərti cəza verilib.

Səbinə İsmayılovaya cəza təyin edilməyib.

Təqsirləndirilən şəxslər 1 milyon manata yaxın vəsaiti dələduzluqla ələ keçirməkdə təqsirli biliniblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.4-cü (Dələduzluq, xüsusilə külli-miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.

Mirheydər İsmayılov Azərbaycanın 1-ci dövlət katibi, mərhum akademik Tofiq İsmayılovun oğludur.