Bakı Biznes Universitetində sığorta sahəsinə dair maarifləndirici görüşlərə start verilib
Bakı Biznes Universitetində sığorta sahəsi üzrə ilk maarifləndirici görüş keçirilib. Universitetin təşkilatçılığı ilə baş tutan tədbirdə “Meqa Sığorta” şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Emil Ağabağırov çıxış edərək, şirkətin məhsulları, bazarın real imkanları və sahədə mövcud karyera perspektivləri barədə geniş məlumat verib.
Görüşdə həmçinin universitetin Kafedra müdiri İsmayıl Həsənov, Məzunlarla İş Mərkəzinin direktoru Qafar Bağırov və sığorta ixtisası üzrə müəllim İlahə Ümidli də iştirak edərək tələbələrin sığorta biliklərinin artırılmasının vacibliyini vurğulayıblar.
Görüşün əsas məqsədi tələbələrin sığorta sahəsinə marağını gücləndirmək, onları real iş mühiti ilə tanış etmək və gələcək karyera imkanları barədə məlumatlandırmaq olub.
Müzakirələr zamanı tələbələrə sığorta şirkətlərində təcrübə və iş imkanları barədə də ətraflı məlumat verilib.
Tədbirin sonunda fəallığı ilə seçilən tələbələrə sertifikatlar təqdim olunub.
Universitetdə belə maarifləndirici görüşlərin davamlı keçirilməsi nəzərdə tutulur və bu fəaliyyət tələbələrin peşəkar inkişafına mühüm töhfə verəcək.

