Bakı Ağır Cinayətlər Məhkəməsində Buzovnada qonşusunu öldürüb, arvadı ilə oğlunu yaralamaqda təqsirləndirilən İnşallah Hacıyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid Etiqad Hacıyev həmin gün oğlunun onun yanına gələrək qabağını kəsdiklərini deyib:

“Oğlumla getdim, çatanda yığışanlardan nə baş verdiyini soruşdum. Elə bunu demişdim ki, üzərimə gəldilər. Uşağın gözü qabağında məni o ki var döydülər. Burnum qırıldı, qan aparmışdı məni. Qan içində idim, burnumu qırmışdılar. İnşallahın da başı yarılmışdı. Oğlum məni güclə evə gətirdi. Daha sonra oğlum çıxdı evdən. Eşitdim ki, bayırda bərk səs- küy var, çıxdım çölə. Gördüm yerdə meyit var”.

Şahid Gümrah Hacıyeva ifadəsində hadisənin necə baş verdiyini görmədiyini deyib.

Digər şahid Məzahir Məlikov istintaqa verdiyi ifadəni təsdiq etməyib:

“Qurban çölə çıxdı, məni söyməyə başladı. Atam işdən evə gələndən sonra birlikdə məsələni aydınlaşdırmağa getdik. Mərhumun oğlundan atasını çağırmasını istədik. Söyüşün səbəbi aydınlaşdırılanda, mübahisə yarandı. Atamı yerə yıxdılar”.

İfadə verən digər azyaşlı A.A bildirib ki, anası onu atası ilə qardaşının ardınca göndərib:

“Çatanda gördüm Etiqad atamı tutub. Bunu görəndə taxtanı götürüb Etiqadın belinə vurdum. Mən İnşallahın əlində bıçaq görməmişəm ”.

Daha sonra məhkəmənin növbəti iclası 11 dekabr tarixinə təyin edilib.

Xatırladaq ki, hadisə 2024-cü il oktyabrın 6-da Bakının Buzovna qəsəbəsində baş verib.

Qəsəbə sakini İ.Hacıyev mübahisə zamanı qonşuları – 1977-ci il təvəllüdlü Qurban Məlikova, arvadı Könül Məlikovaya və oğlu, 2003-cü il təvəllüdlü Məzahir Məlikova bıçaqla xəsarətlər yetirib.
Qurban Məlikov hadisədən bir qədər sonra aldığı xəsarətlərdən dünyasını dəyişib.

Təqsirləndirilənə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

Onu da qeyd edək ki, hadisə zamanı İ.Hacıyevin 18 yaşı tamam olmayıbmış.