Səbail rayonunun Bayıl qəsəbəsində qeyri-adi oğurluq olub.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, 22 yaşlı Qurban Babayev (ad və soyad şərtidir) küçədə sərxoş halda gəzərkən qəfil qarın ağrısı tutub və o, təbii ehtiyacını ödəməyə yer axtarıb. Evlərdən birinin qapısında açarı üzərində olan qıfıl görüb. Həmin evdə isə adı məlum olmayan qadın tək yaşayırmış. O, rahatca evə daxil olub təbii ehtiyacını bitirəndən sonra, 400 manat dəyərində olan qızıl boyunbağını da götürərək aradan çıxıb.

Bu əməlinə görə onun barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış yerinə, binaya və s. qanunsuz daxil olmaqla oğurluq etmək) maddəsilə cinayət işi açılıb.

Təqsirləndirilən Qurban Babayev ifadəsində bildirib ki, həmin gecə restoranda dostları ilə birgə spirtli içki qəbul edərək, sərxoş olub. O, törətdiyi əməldən peşman olduğunu və zərərçəkmişə vurduğu ziyanı tam ödədiyini deyib. Həmçinin Qurban məhkəmədən tələbə olmasını da nəzərə alaraq, barəsində yüngül cəza verilməsini xahiş edib.

Zərərçəkən şəxs isə deyib ki, səhər saat 5 radələrində evə kiminsə daxil olduğunu hiss etsə də, qorxusundan səsini çıxarmayıb:

“Həmin şəxs evdə axtarış apardı. O, bir müddət evdə qalandan sonra telefonuna zəng gəldi və mənzildən çıxıb getdi. Sonra qızıl yerinə baxanda gördüm ki, 400 manat dəyərində qızıl qolbağım və boyunbağım yoxdur. Atamın sözü ilə polisə şikayət etdim. Lakin sonradan dəyən ziyan tam ödənildi”.

Zərərçəkən qadın təqsirləndirilən şəxsdən şikayətçi olmadığını və məhkəmədən onun barəsində yüngül cəza verilməsini istəyib.

Səbail rayon Məhkəməsinin qərarı ilə Qurban Babayev barəsində 1 il 2 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.