“Özümü çox yaxşı hiss edirəm. Bir dəfə hava limanında arabaya minmişəm, həmin vəziyyətdə paparatsilər şəklimi çəkiblər və onu haradasa yayaraq vay-şivən salmağa başlayıblar. Mən həmişə arabayla gəzmirəm axı? Sadəcə İstanbul aeroportu böyük olduğuna görə orada belə hərəkət etmək daha rahatdır”.
Heftelik.az xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev AZƏRTAC-a müsahibəsində deyib.
Yazıçı bildirib ki, ona paxıllıq edənlər var:
“Mənim həm dostlarım var, həm də… düşmən demək istəmirəm, çünki elə adamları heç düşmən də saymıram, sadəcə paxıllıq edənlər olur. Özümü normal hiss edirəm. Yaşın artmağının bircə ağır tərəfi var: Dostların bir-bir dünyadan köçüb gedir, onların sayı azalır, sırası seyrəlir. Mənim yaşıdım olan dostların demək olar ki, böyük əksəriyyəti həyatda yoxdur. Bu, məni çox kədərləndirir. Mən onların da əvəzinə yaşayıram. Düzdür, cavan dostlarım da var, Allah onlara cansağlığı versin. Həyat davam edir və nə qədər Allahın verdiyi ömür payı var, gərək qələm əldən düşməsin, yazaq-yaradaq”.
