Ermənistan parlamenti “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna dəyişiklikləri birinci oxunuşda qəbul edərək həqiqi hərbi xidmət müddətini 18 aya endirib.
Heftelik.az xəbər verir ki, bu barədə “Newsarmenia” məlumat yayıb.
Məlumatda deyilir ki, bu gün keçirilən iclasda qəbul edilən dəyişikliklərə əsasən, sıravi heyət üçün məcburi həqiqi hərbi xidmət müddəti mövcud 24 aydan 18 aya endirilir.
Ermənistanın müdafiə naziri Suren Papikyan bildirib ki, bu dəyişiklik 1 yanvar 2026-cı ildən sonra qüvvəyə minəcək və 7 yanvar 2026-cı ildən etibarən Ermənistan Silahlı Qüvvələrinə çağırılacaq müddətli hərbi qulluqçulara şamil olunacaq.
Onun sözlərinə görə, bu tarixədək çağırılan hərbi qulluqçular üçün xidmət müddətinin azaldılması tətbiq edilməyəcək.
Mövcud təşəbbüslərdən danışarkən Papikyan hərbi qulluqçuların attestasiya proqramını və 4 220 nəfərin benefisiar olduğu “Vətən Müdafiəçisi” proqramını qeyd edib. Bu göstəricinin 2025-ci ildə təxminən min nəfər artacağı gözlənilir.
Müdafiə Nazirliyi məcburi hərbi xidmət müddətinin qısaldılması və müqavilə əsasında xidmət müddətinin artırılması ilə bağlı qanun layihəsini 2025-ci ilin sentyabrında ictimai müzakirəyə çıxarıb. Həmin layihədə bildirilirdi ki, dəyişikliklər qüvvəyə mindikdən sonra 2028-ci ildən etibarən məcburi hərbi xidmətin təşkili xərcləri azalacaq.
