
Bu gün saat 15:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu ərazisindən partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Heftelik.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (kişi) bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə Yanıq Mərkəzinə hospitalizasiya olunub”, – məlumatda bildirilib.
***
saat 18.02
Bakıda kafedə partlayış olub.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Heftelik.az-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində obyektdə partlayış baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 40kv.m. olan kafe kimi fəaliyyət göstərən obyektdə, ilkin ehtimala görə, qaz borusunda ani alışma nəticəsində partlayışın baş verdiyi müəyyən olunub.
Hadisə nəticəsində kafeyə ziyan dəyib, kafenin 3 nəfər işçisi xəsarət alıb.
FHN əməkdaşları tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Faktla əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
