Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Bakıda memarlıq abidəsi olan binanın təmirindən narazı qalıb, şirkətə damı sökdürüb, yağış suyu da evlərə dolub.

Heftelik.az xəbər verir ki, Dövlət Xidməti də məsələ ilə bağlı məlumat yayıb, məsuliyyəti “VEST PARK” MMC tikinti şirkətinin üzərinə atıb.

Qeyd edilib ki,  Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi 213 ünvanında yerləşən, yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş yaşayış binasının yaxınlığında 2023-cü ildə “VEST PARK” MMC tərəfindən yeni yaşayış binasının tikintisinin aparılması planlaşdırılıb.

“Tarixi abidənin yaxınlığında tikinti işləri aparılacağı üçün yeni inşa olunacaq binanın layihəsinə baxılması məqsədilə 29 avqust 2023-cü il tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət ünvanlanıb.

Dövlət Xidmətinin 5 sentyabr 2023-cü il tarixli cavab məktubunda planlaşdırılan tikinti nəticəsində sözügedən tarixi abidəyə təhlükə yarana biləcəyi nəzərə alınaraq, mümkün risklərin qarşısının alınması məqsədilə sözügedən şirkətin vəsaiti hesabına tarixi binada təmir-bərpa işlərinin həyata keçirilməsi tələb olunub.

7 noyabr 2023-cü il tarixində binanın bünövrəsinin gücləndirilməsi, fasad hissəsində, daxili həyətində və dam örtüyündə təmir-bərpa işlərinin layihəsi hazırlanmış və qanunvericiliyə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyası və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılıb, Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra şirkət tərəfindən bərpa işlərinə başlanılıb.

Lakin təmir-bərpa işlərinin gedişi zamanı təsdiq olunmuş layihənin tələbləri kobud şəkildə pozulub”.

Əlavə olunub ki, Dövlət Xidmətinə təqdim edilərək razılaşdırılan layihədə mövcud dam örtüyünün (ruberoid) saxlanılması nəzərdə tutulduğu halda, şirkət tərəfindən həmin örtük yeni metal kirəmit tipli konstruksiya ilə əvəz edilib, damda yerləşən tüstü və havalandırma bacaları tamamilə qapadılıb və quraşdırılan əlavə konstruksiyalar binanın dayanıqlılığına əlavə təhlükə yaradıb:

“Bu səbəbdən də Dövlət Xidməti tərəfindən işlər dayandırılıb, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsi ilə protokol tərtib edilib və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Nəsimi Rayon Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli Qərarı ilə “VEST PARK” MMC təqsirli hesab edilib.

Abidənin tarixi görkəminə qaytarılması tələbinə “VEST PARK” MMC tərəfindən layihədən kənar quraşdırılmış dam örtüyü sökülüb və zədələnib. Nəticədə yağan yağış suları sakinlərin mənzillərinə dolub.

Binanın dam örtüyünün şirkət tərəfindən tezliklə təmir edilməsi üçün aidiyyəti üzrə tədbirlər görüləcək”