“Bir təklif irəli sürdüm, bilmədim ki, bu qədər böyüyər. Hər şeyi qalmaqala çevirirlər. Restoranın da yerini çətin dəyişələr. Orada da cəmi 2 dəfə olmuşam. Müdürü də iddia edir ki, daima gedib orada oturub yemək yeyirəm. Ona görə də restoranın işinə qarışmıram”.
Heftelik.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev deyib.
Xalq yazıçısı bildirib ki, Həsən bəy Zərdabinin heykəlinin restoranın qabağında olması yaxşı görüntü yaratmır:
“Mən yenə də o fikirdəyəm ki, Həsən bəy Zərdabinin heykəlinin restoranın qabağında olması düzgün deyil. Təklif edirəm ki, Şəhriyar klubu ilə üz-üzə olan Pedaqoji Universitetin bağçasına köçürülsün. Həm universitetə yaxındır, həm də görməli yerdir”.
O, heykəlin müəllifi mərhum Elmira Hüseynovanın qızı Əsmər Nərimanbəyovanın iradlarını cavablandırıb:
“Əsməri də çox istəyirəm. Toğrul Nərimanbəyovun qızıdır. Elmiranı da çox istəyirdim. O heykəli də atam (Rəsul Rza – red.) sifariş edib. Elmira xanımdan xahiş etdi, orada Zərdabinin heykəlini ucaltdılar. Atam sonra Ensiklopediyadan getdi, heç heykəli də görmədi. Lakin təşəbbüs onun idi.
Təklif etdim. Qəbul edərlər-etməzlər, canları sağ olsun. Əsmər də məndən nahaq inciyir. Bilir ki, onların ailəsinə böyük hörmətim var”.
Xatırlatma: AYB-nin sədri Anar Rzayev “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışı zamanı Həsən bəy Zərdabinin heykəlinin İçərişəhərdən köçürülməsini təklif edib.

Həsən bəy Zərdabinin abidəsinin müəllifi, Elmira Hüseynovanın qızı Əsmər Nərimanbəyova bu təklifə etirazını bildirib.
O qeyd edib ki, abidənin yerinin dəyişdirilməsi onun müəllifinə, yəni anası, Azərbaycanın əməkdar heykəltəraşı Elmira Hüseynovaya qarşı hörmətsizlikdir:
“İçərişəhərdə on illərdir dayanan bir abidəni necə köçürmək olar? Bu abidənin müəllifinə, anama, Azərbaycanın Əməkdar heykəltəraşı Elmira Hüseynovaya qarşı necə də hörmətsizlikdir.
Dünyanın hər yerindəki abidələr şəhərləri bəzəyib; onların ətrafında və ya yaxınlığında restoranlar və başqa hər şey tikilə bilərdi. Bu, onları heç də korlamadı. Əgər bir şey sizi narahat edirsə, o restorana diqqət yetirin və onu başqa yerə köçürün. Mövcud nizam pozulmamalıdır; bu abidə öz üslubu və kompozisiyası ilə köhnə şəhərlə bağlıdır. Vəziyyəti bu qədər az insanın başa düşməsi təəssüf doğurur”.
