“Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin 2 əməkdaşı və digər bir nəfər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi çərçivəsində saxlanılıb.

Heftelik.az APA-ya istinadən xəbəb verir ki, limanın əməkdaşları Zaur Haşımov, Fərrux Haqverdiyev və mülki şəxs Fariz Məhərrəmov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

***

saat 15.30

Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Gömrük Baş İdarəsinin əməkdaşları Heydər Eyvazov və Tamerlan Axundzadə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi çərçivəsində saxlanılıb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Onlara Cinayət Məcəlləsinin 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan olunub.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov, Bakı Hövsan Beynəlxalq Ticarət Limanının rəisi Rəşad Daşdəmirov və digər şəxslər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İş üzrə ilkin olaraq ümumilikdə 6 nəfər ittiham olunur.

İş üzrə dəymiş ziyanın həcminin 5 milyon manatdan çox olduğu ehtimal edilir.

***

saat 14.06

Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsi və daha bir neçə nəfər qaçaqmalçılıq və digər ittihamlarla həbs olunub.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, ümumilikdə 6 nəfər bir sıra cinayətlərdə, o cümlədən, qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

Onlardan Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov və digər bir neçə nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

***

saat 12.10

Uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş general-leytenant Cəbrayıl Usubovun oğlu Fərid Usubov həbs edilib.

Heftelik.az Gununsesi.info-ya istinadən xəbər verir ki, gömrük orqanlarından verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin əməkdaşı olan Fərid Usubov Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.

Bildirilir ki, Fərid Usubov Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi vəzifəsində çalışıb.