Bakı Biznes Universitetində sığorta mədəniyyətinə həsr olunmuş növbəti maarifləndirici görüş keçirilib.

Universitetin təşkilatçılığı ilə baş tutan tədbiri giriş sözü ilə Bakı Biznes Universitetinin prorektoru Cavidan Heydərov açıb. O, bu cür maarifləndirici görüşlərin tələbələrin peşəkar inkişafında və real əmək bazarına hazırlığında mühüm rol oynadığını vurğulayıb.

Daha sonra universitetin müəllimi İlahə Ümidli çıxış edərək tədrisin əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən və bu kimi praktik yönümlü tədbirlərin əhəmiyyətindən bəhs edib.

Tədbirdə qonaq qismində iştirak edən “Qala Sığorta Şirkəti” və “Qala Həyat Sığorta Şirkəti”nin ekspertləri Cəmilə İbrahimova, İlkin Nəcəfov, Zabit İbrahimov və Aygün Hadıyeva şirkətlərin sığorta məhsulları, bazarın real imkanları və inkişaf perspektivləri haqqında tələbələrə ətraflı məlumat veriblər.

Tədbirin əsas məqsədi tələbələrdə sığorta sahəsinə marağın artırılması, onların real iş mühiti ilə yaxından tanış edilməsi və mövcud karyera imkanları barədə məlumatlandırılması olub.

Tədbirin sonunda fəallığı ilə seçilən tələbələrə şirkətlər tərəfindən hədiyyələr təqdim edilib.