Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun onlayn formatda tam tərkibdə ilk iclası keçirilib.
Heftelik.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Strateji İşçi Qrupa Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Elnur Məmmədov, ABŞ tərəfdən Dövlət katibinin köməkçisinin müavini Sonata Koulter rəhbərlik edib.
İclas zamanı, 8 avqust Vaşinqton Sülh Sammiti çərçivəsində iki dövlət arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Anlaşma Memorandumu çərçivəsində prioritet elan edilmiş enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə, eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. 8 avqustdan sonra qeyd edilən sahələr üzrə ayrı-ayrılıqda aparılmış ikitərəfli təmaslar və müzakirələr yüksək qiymətləndirilib.
