Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Operativ Hazırlıq İdarəsinin rəisi general-leytenant Fanil Sarvarov Moskvada avtomobil partlayışında həlak olub.

Heftelik.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, 22 dekabr səhər saatlarında Moskvanın Yasenevaya küçəsində avtomobilin altına qoyulmuş partlayıcı qurğu partladılıb. Nəticədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Operativ Hazırlıq İdarəsinin rəisi general-leytenant Fanil Sarvarov aldığı xəsarətlər nəticəsində ölüb.

Faktla bağlı cinayət işi açılıb.

İstintaq Komitəsi qeyd edib ki, “Qətllə bağlı istintaq müxtəlif versiyalar irəli sürür. Onlardan biri cinayətin Ukrayna xüsusi xidmət orqanları tərəfindən təşkil edilməsidir”.

***

saat 10.19

Moskvada Rusiya Silahlı Qüvvələrinin general-mayoru Fanil Sarvarovun avtomobilində partlayış törədilib.

Heftelik.az xəbər verir ki, bu barədə “ЕЖ” teleqram məlumat yayıb.

Bildirilib ki, Moskvada Rusiya Silahlı Qüvvələrinin general-mayoru Fanil Sarvarova sui-qəsd cəhdi edilib. Partlayış Yasenevaya küçəsindəki yaşayış binasının həyətində, o, “Kia Sorento” markalı avtomobilinə minərkən baş verib. Maşına ciddi ziyan dəyib və Sarvarov nəqliyyat vasitəsindən çıxarılıb. O, çoxsaylı qəlpə yaraları və sınıq xəsarətləri alıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara görə, sürücü oturacağının altına əldəqayırma partlayıcı qurğu qoyulub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin səbəblərini araşdırırlar.