
AYNA Qaradağ rayonunda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.
Qurumdan Heftelik.az-a verilən xəbərə görə, dekabrın 25-də Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi aidiyyəti qurumlar tərəfindən araşdırılır. Araşdırmalarla müəyyən edilib ki, “İsuzu” markalı avtobus qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı mikroavtobusla toqquşub.
Yol-nəqliyyat hadisəsinin başvermə səbəbləri və hüquqi qiymətləndirmə təyin olunmuş avtotexniki ekspertizanın rəyinə uyğun olaraq müəyyən ediləcək.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Kliniki Tibbi Mərkəzdən isə bildirilib ki, Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 11 nəfərə (4-ü qadın, 7-si kişi) bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Pasiyentlərə ilkin tibbi yardım göstərildikdən sonra KT müayinəsi icra edilib.
Hazırda pasiyentlərdən 3 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir.
3 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.
***
saat 11.18
Bu gün Qaradağ rayonunda sərnişindaşıma fəaliyyəti göstərən 122 saylı marşrut avtobusu qəzaya düşüb.
Heftelik.az Milli.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verib.
Qaradağ rayonunun Lökbatan-Çeyildağ-Lökbatan istiqamətində hərəkət edən avtobus Sahil qəsəbəsi ərazisində qəza törədib.
İlkin məlumata görə, hadisə nəticəsində avtobusda olan sərnişinlərdən ikisi ölüb, bir neçə nəfər isə xəsarət alıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, bu gün saat 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.
Hadisə yerində xəsarət alan 9 nəfərə (4 qadın, 4 kişi və 1 uşaq) təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. 2 nəfərin (kişi və qadın) həkiməqədər ölüm faktı qeydə alınıb.
