Həmrəylik Günü münasibətilə keçirilən tədbirlər, konfranslar, mədəni proqramlar və görüşlər Azərbaycan diasporunun daha da güclənməsinə xidmət edir

Azərbaycan xalqının milli-mənəvi birliyini, tarixi köklərə bağlılığını və dünyaya səpələnmiş soydaşlarımızın həmrəyliyini ifadə edən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü müasir Azərbaycan tarixində mühüm ictimai-siyasi və ideoloji əhəmiyyətə malikdir. Bu əlamətdar günün rəsmi bayram kimi təsis olunması isə bilavasitə Ulu Öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. XX əsrin sonları Azərbaycan üçün mürəkkəb və taleyüklü dövr idi. Sovet İttifaqının dağılması, milli azadlıq hərəkatının güclənməsi, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və milyonlarla azərbaycanlının tarixi torpaqlarından deportasiya olunması xalqın milli birliyinə və həmrəyliyinə olan ehtiyacı daha da artırmışdı. Eyni zamanda, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının vahid ideya ətrafında birləşdirilməsi zərurəti meydana çıxmışdı. Məhz belə bir tarixi mərhələdə Heydər Əliyev Naxçıvan Muxtar Respublikasında siyasi rəhbər kimi xalqın taleyinə biganə qalmadı, milli birlik ideyasını dövlətçilik səviyyəsinə qaldırdı.

1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclası keçirildi. Həmin iclasda mühüm tarixi qərar qəbul olundu: 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilməsi. Bu qərar təsadüfi deyildi. 31 dekabr tarixi 1989-cu ildə Araz çayı boyunca sərhədlərin sökülməsi, xalqın süni şəkildə bölünməsinə qarşı etirazın və milli birliyin simvoluna çevrilmişdi. Bu hadisə azərbaycanlıların parçalanmış taleyinə etirazın və həmrəyliyin açıq təzahürü idi. Ali Məclis bu tarixi qərarla kifayətlənməyərək, qanunvericilik aktının qəbul olunması üçün Azərbaycan Respublikasının Ali Sovetinə müraciət etdi. Bu addım Naxçıvandan başlayan milli təşəbbüsün ümumrespublika miqyasına çıxarılması baxımından mühüm idi. Naxçıvan Ali Məclisinin müraciətinə cavab olaraq, 1991-ci il dekabrın 25-də Azərbaycan Respublikasının Ali Sovetinin Milli Şurası məsələni müzakirə edərək 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul etdi. Bununla da, bu tarix rəsmi dövlət bayramı statusu aldı və bütün azərbaycanlılar üçün ümummilli bayrama çevrildi. Bu qərar yalnız təqvimdə bir günün qeyd olunması deyildi. O, azərbaycançılıq ideologiyasının, milli özünüdərkin və dünya azərbaycanlılarının vahid amal ətrafında birləşməsinin hüquqi-siyasi əsasını yaratdı. Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız arasında milli kimliyin qorunması, ana dilinə, mədəniyyətə və tarixi köklərə bağlılığın möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bayram münasibətilə keçirilən tədbirlər, konfranslar, mədəni proqramlar və görüşlər Azərbaycan diasporunun daha da güclənməsinə xidmət edir. Ümummilli Lider Heydər Əliyev demişdir ki, dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir: “Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”.

Azərbaycan xalqının milli mənlik şüurunun formalaşması və möhkəmlənməsi tarix boyu mühüm mərhələlərdən keçmişdir. XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycan üçün isə bu proses yeni məzmun və mahiyyət qazandı. Dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının vahid ideya ətrafında birləşdirilməsi, onların milli maraqlar naminə təşkilatlanması zərurəti Dünya Azərbaycanlılarının Qurultaylarının keçirilməsini tarixi bir ehtiyaca çevirdi. Heydər Əliyevin müəyyənləşdirdiyi diaspor strateji xətt sonradan dövlət siyasətinə çevrildi. Onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi dövründə diaspor quruculuğu və dünya azərbaycanlılarının birliyi dövlət siyasətinin prioritet istiqamətlərindən biri oldu. 22 aprel 2022-ci ildə Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı keçirilmişdir. Prezindet İlham Əliyev qurultayda çıxışnda bildirmişdir: “Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, böyük xoşbəxtlikdir – hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər.

Buraya gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Bildiyiniz kimi, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilmişdir. Ulu Öndər dərin məzmunlu çıxışında, eyni zamanda, təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz – Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V Qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir”.

Bu gün dünya azərbaycanlılarının lobbi fəaliyyəti Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsinə, milli maraqlarının qorunmasına və haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasına mühüm töhfə verir. Bu uğurlar Prezident İlham Əliyevin uzaqgörən diaspor və lobbi siyasətinin real nəticələridir.

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının milli birliyinin, tarixi yaddaşının və gələcəyə olan inamının simvoludur. Bu bayramın təsis edilməsi Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin, xalqına və millətinə olan sonsuz bağlılığının parlaq nümunəsidir. Bu gün hər bir azərbaycanlı üçün 31 dekabr təkcə bayram deyil, birlik, güc və milli qürur günüdür. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı bu gün özünü vahid millətin ayrılmaz parçası kimi hiss edir.

 

Aybəniz Rüstəmova

Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq

kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent