Ukrayna ordusu Rusiya Prezidenti Vladimir Putunin iqamətgahına hücum etmək üçün uzaqmənzilli dronlardan istifadə edib.
Heftelik.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında söhbətdən sonra keçirilən brifinqdə bildirib.
Yuri Uşakov qeyd edib ki, rəsmi Kiyev Novqorod vilayətindəki Rusiya prezident iqamətgahına genişmiqyaslı uzunmənzilli dronlardan istifadə edərək terror hücumu təşkil edib.
Xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, 91 PUA-nın hücumu 29 dekabr gecəsi baş verib. Bütün dronlar hava hücumundan müdafiə qrupları tərəfindən məhv edilib.
Diplomatik missiyanın rəhbəri Rusiyanın danışıqlar prosesindən çəkilmək niyyətində olmadığını, lakin hadisələri nəzərə alaraq mövqeyini yenidən nəzərdən keçirəcəyini açıqlayıb.
Bundan əlavə, Putinin iqamətgahına hücumdan sonra Moskvanın cavab zərbəsinin hədəfləri və vaxtı artıq müəyyən edildiyi bildirilib.
Bu arada Vladimir Putin və Donald Tramp arasında yeni telefon danışığı baş tutub. Yuri Uşakov deyib ki, telefon danışığı zamanı Putin Ukrayna ordusunun Novqorod vilayətindəki iqamətgaha dron hücumu barədə Trampı məlumatlandırıb və ABŞ prezidentinə Kiyevin iqamətgaha hücumla bağlı hərəkətlərinin cavabsız qalmayacağını bildirib.
Donald Tramp qeyd edib ki, Vladimir Putinin iqamətgahına dron hücumu ABŞ-ın Zelenski ilə işləməklə bağlı yanaşmasına təsir edəcək. ABŞ Prezidenti bildirib ki, o xoşbəxtlikdən Zelenskiyə “Tomahavk” raketləri verməyib.
Rusiya tərəfi hesab edir ki, Tramp və Zelenski arasında əldə edilən bəzi razılaşmalar Ukraynaya öhdəliklərindən yayınmaq imkanı verir.
