ABŞ Sahil Mühafizəsi Atlantik okeanında iki həftədən çox davam edən təqibdən sonra Rusiyanın “kölgə donanması”na aid olması ehtimal edilən neft tankerini ələ keçirib.

Heftelik.az  xəbər verir ki, bu barədə “NBC NEWS” məlumat yayıb.

ABŞ ordusunun Avropa Komandanlığı Ədliyyə Nazirliyi və Daxili Təhlükəsizlik Nazirliyi əməliyyatla bağlı birgə bəyanat yayıb. Bəyanatda ABŞ-ın sanksiyalarını pozduğuna görə “Bella 1” gəmisinin ələ keçirildiyi açıqlanıb. Bildirilib ki, tanker ABŞ Federal Məhkəməsinin qərarı əsasında ələ keçirilib.

ABŞ-ın müharibə naziri Pit Heqset saxlanılan tankerin Venesuela neftini daşıdığını bildirib. O, sanksiyaya məruz qalmış Venesuela neftinin dünyanın hər yerində saxlanılacağını vurğulayıb.

Rəsmi Moskva ABŞ hərbçilərinin Rusiya bayrağı altında üzən gəmini ələ keçirdiyini təsdiqləyib.  Rusiya Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, ABŞ Hərbi Dəniz Qüvvələri Rusiya bayrağı altında üzən “Marinera” gəmisini yanvarın 7-də Moskva vaxtı ilə təxminən saat 15:00-da ələ keçirib.

Bildirilib ki, gəmi ilə əlaqə kəsilib. 24 dekabr 2025-ci ildə “Marinera” gəmisi Rusiya qanunvericiliyinə və beynəlxalq hüquqa uyğun olaraq verilmiş Rusiya dövlət bayrağı altında üzmək üçün müvəqqəti icazə alıb.

“1982-ci il BMT-nin Dəniz Hüququ haqqında Konvensiyasına uyğun olaraq, açıq dənizlərdəki sularda naviqasiya azadlığı tətbiq olunur və heç bir dövlətin digər dövlətlərin yurisdiksiyalarında qeydiyyatdan keçmiş gəmilərə qarşı güc tətbiq etmək hüququ yoxdur”,- Rusiya Nəqliyyat Nazirliyinin açıqlamasında bildirilib.