“Son günlər doğuş zamanı baş vermiş ana ölümü ilə əlaqədar olaraq sosial şəbəkələrdə və bəzi media resurslarında konkret bir həkimin “ölüm cinayətində günahlandırılması” ilə bağlı paylaşımlar yayılır. Bu cür yanaşma həm hüquqi, həm tibbi, həm də etik baxımdan ciddi suallar doğurur”.
Heftelik.az xəbər verir ki, bunu i Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Rəşad Mahmudov bildirib.
O qeyd edib ki, cinayət işinin açılması hələ günahın sübut edilməsi demək deyil:
“Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, məhkəmə hökmü olmadan hər kəs təqsirsiz sayılır. İstintaqın başlanması hadisənin obyektiv araşdırılması məqsədi daşıyır və bu mərhələdə hər hansı şəxsin ictimai şəkildə günahkar kimi təqdim edilməsi düzgün deyil”.
R.Mahmudovun sözlərinə görə, doğuş zamanı ana ölümü tibbin ən ağır və mürəkkəb fəsadlarından biridir:
“Bu tip hallar çox zaman bir neçə tibbi amilin üst-üstə düşməsi nəticəsində baş verir və dünyanın ən inkişaf etmiş səhiyyə sistemlərində belə bəzən qarşısı alına bilməyən hadisələr sırasına daxildir. Belə vəziyyətlərdə nəticəni yalnız bir həkimin fəaliyyəti ilə əlaqələndirmək elmi və peşəkar yanaşma deyil.
Hər bir tibbi hadisə yalnız müstəqil ekspertiza, klinik protokollara uyğunluğun qiymətləndirilməsi və ətraflı araşdırmadan sonra dəyərləndirilə bilər. Sosial şəbəkə paylaşımları və emosional başlıqlar tibbi məsuliyyətin müəyyən olunması üçün əsas ola bilməz”.
Onun sözlərinə görə, bu tip xəbərlərin tələsik və ittihamedici formada yayılması cəmiyyət üçün də risklidir: “Bu, səhiyyə işçilərinin peşə nüfuzuna zərər vurmaqla yanaşı, gələcəkdə ağır və riskli xəstələrə tibbi yardım göstərilməsində tərəddüd və qorxu yarada bilər. Nəticədə zərər təkcə bir həkimə yox, bütün cəmiyyətə dəyir.
Media və ictimai platformalar bu kimi həssas mövzularda daha məsuliyyətli davranmalı, araşdırma tamamlanmadan şəxsləri hədəf göstərməkdən çəkinməlidir. Həqiqət yalnız istintaq və tibbi ekspertiza başa çatdıqdan sonra ortaya çıxır”.
R.Mahmudov bildirib ki, bütün bunları qeyd edərkən nə cəmiyyəti, nə də sosial media istifadəçilərini qınamaq niyyətində deyil:
“Eləcə də məqsədim hansısa həkimi və ya sistemi kor-koranə müdafiə etmək deyil. Sadəcə anlamaq lazımdır ki, məsuliyyətsiz və emosional ittiham dili ölkə səhiyyəsinin inkişafına mənfi təsir göstərməklə yanaşı, sabah hamımızın ən kritik anlarında canımızı tərəddüdsüz etibar edəcəyimiz peşəkarların azalmasına, hətta belə yükü üzərinə götürməyə hazır insan tapmağın çətinləşməsinə səbəb ola bilər. Ona görə də bu mövzuda daha ehtiyatlı, daha diqqətli davranmağı vacib hesab edirəm”.
Xatırladaq ki, ötən il mayın 18-də “Yeni Klinika”nın Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzinin Ginekologiya şöbəsində həkim-mama-ginekoloq işləyən Sevinc Məmmədova tərəfindən icra edilmiş cərrahiyyə əməliyyatı nəticəsində Günay Məmmədova dünyasının dəyişib. Ölüm faktı üzrə Bakı şəhəri Nizami rayon prokurorluğunda araşdırma aparılaraq Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Bu məsələ sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
