Ayrı-ayrı hallarda qrip və digər respirator infeksiyaların ağırlaşması nəticəsində pnevmoniya qeydə alına bilər.
Heftelik.az xəbər verir ki, bu barədə APA-ya Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, hazırda mövsümi kəskin respirator virus infeksiyalarının yayılması müşahidə olunur ki, bu da payız–qış dövrü üçün xarakterik haldır: “Bu, infeksiyaların kütləvi şəkildə yayılması anlamına gəlmir.
Pnevmoniyanın yaranmasına əsasən qrip və digər virus infeksiyalarının vaxtında müalicə olunmaması, həkimə gec müraciət, eləcə də immun sisteminin zəifləməsi səbəb ola bilər.
Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar insanların daha çox qapalı və zəif havalandırılan məkanlarda cəmləşməsi hava-damcı yolu ilə ötürülən infeksiyaların yayılma riskini nisbətən artıra bilər”.
“İnfeksiyaların yayılmasının qarşısının alınması üçün şəxsi gigiyena qaydalarına əməl edilməsi, qapalı məkanların havalandırılması, mövsümi xəstəliklərin ilk əlamətləri zamanı həkimə müraciət edilməsi mühüm əhəmiyyət kəsb edir. Risk qrupuna daxil olan şəxslərə kütləvi toplaşma yerlərindən uzaq durmaları tövsiyə olunur. Respublikada infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət stabildir və müvafiq qurumlar tərəfindən daim nəzarətdə saxlanılır. Əhali üçün əlavə narahatlıq doğuran vəziyyət mövcud deyil”,- Mərkəzdən bildirilib.
