ABŞ-ın “kölgə donanması”na qarşı apardığı mübarizə çərçivəsində Atlantik okeanında təqib etdiyi neft tankerini qorumaq üçün Rusiya sualtı qayıq və digər hərbi gəmilər cəlb edib.

Heftelik.az  xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Söhbət əvvəllər “Bella 1” adlanan tankerdən gedir. ABŞ Sahil Mühafizəsi Atlantikdə qeyri-qanuni neft daşımaları ilə məşğul olan, xüsusilə Rusiya mənşəli “kölgə donanması”nın aşkar edilməsi və saxlanılması məqsədi daşıyan genişmiqyaslı əməliyyat çərçivəsində tankeri izləməyə başlayıb.

Bildirilir ki, ötən ilin dekabr ayında gəmi heyəti ABŞ hərbçilərinin tankerə minmək cəhdinin qarşısını alıb. Bundan sonra tanker açıq dənizə çıxaraq gövdəsində Rusiya bayrağını qaldırıb, qeydiyyatını və adını dəyişərək “Marinera” adını alıb və faktiki olaraq Rusiya mənsubiyyətini bəyan edib.

Qeyd edək ki, Böyük Britaniya, İrlandiya, ABŞ və Fransa Atlantik okeanında Rusiyanın “Marinera” neft tankerinin hərəkətini izləmək üçün hava vasitələri cəlb edib. Son günlər ərzində İngiltərənin Safolk qraflığında yerləşən Mildenhol aviabazasından ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki “P-8” tipli kəşfiyyat təyyarəsi tanker istiqamətində uçuşlar həyata keçirib.

Eyni zamanda, Şotlandiyanın şimal-şərqindəki Lossimut bazasından Böyük Britaniya Hərbi Hava Qüvvələrinin “Eurofighter Typhoon” qırıcısı havaya qalxıb.

Əməliyyata Fransa Hərbi Dəniz Qüvvələrinin patrul təyyarəsi və İrlandiyanın Hava Korpusuna məxsus təyyarə də cəlb olunub.