Audiovizual Şura “Space” telekanalı və radiosunun fəaliyyətinin 3 saat müvəqqəti dayandırılması barədə qərar verib.

Audiovizual Şuradan Heftelik.az-a verilən xəbərə görə,   3 dekabr 2025-ci il tarixdə, “Space FM” radio kanalının efirində yayımlanan “Radio diaqnoz” proqramında həkimə aid reklam zamanı həmin həkimin №1 olması haqqında yanlış məlumatlar təqdim olunaraq haqsız reklama yol verilib və “Reklam haqqında” Qanunun 6-cı maddəsinin tələbləri pozulub. Audiovizual Şuranın qərarı ilə 15 yanvar 2026-cı il tarixdə saat 18.00-dan saat 21.00-dək “Space FM” radio kanalının yayımı 3 saatlıq dayandırılacaq.

İclasda, ən son, keçən ilin 25 dekabr tarixində “Space TV” kanalında yayımlanan “Gəl, danış” proqramında aparıcının çıxışı müzakirə olunub. Şura üzvlərinin ümumi fikrinə əsasən yayım zamanı aparıcı tərəfindən mənşə ayrı-seçkiliyi təbliğ olunub və “Media haqqında” Qanunun 14.1.4-cü maddəsinin tələbləri pozulub. “Space TV” kanalına bu istiqamətdə (ayrı-seçkiliyin təbliği hallarına yol verilməsi) keçən il ərzində xəbərdarlıq elan olunduğu nəzərə alınaraq Audiovizual Şura bu dəfə “Space TV” televiziya kanalının yayımının 14 yanvar 2026-cı il tarixdə saat 12:00-dan saat 15:00-dək 3 saatlıq dayandırılması barədə qərar verib.