Gəncədə peşə məktəbinin həyətində tələbənin meyiti tapılıb.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən peşə məktəblərinin birinin həyətində qeydə alınıb.
Bu gün səhər saatlarında peşə məktəbinin həyətində 2008-ci il təvəllüdlü R.Bayramovun meyiti aşkarlanıb. Onun peşə məktəbinin tələbəsi olduğu bildirilir. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. İlkin məlumata görə, 18 yaşlı gənc ürək tutmasından vəfat edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, təhsil müəssisəsində baş verən hadisə ilə bağlı rəsmi araşdırma başlanıb. Qeyd edilib ki, bu gün Bayramov Röyal Vüqar oğlu səhər saatlarında təhsil aldığı Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində olarkən səhhəti qəfil pisləşib və huşunu itirərək yıxılıb. Hadisə dərhal qeydə alınıb, təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Lakin göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırma aparılır. Hadisənin təfərrüatları araşdırmanın nəticələrinə uyğun olaraq ictimaiyyətə açıqlanacaq.
