Bu gün  Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib.

Heftelik.az xəbər verir ki, iclasda “ARB” kanalının efirində “Media haqqında” Qanunun pozulması faktı müzakirə olunub.

Belə ki, 10 yanvar tarixində kanalın efirində saat 23.00-23.55 arası yayımlanan “Səkkiz” serialında personajlardan biri söyüş məzmunlu ifadələrdən istifadə etmiş və yayım zamanı bu səsləndirmə texniki vasitələrlə məhdudlaşdırılmayıb.
Beləliklə, “Media haqqında” Qanunun 14.1.6-cı maddəsinin tələbinin (əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir) pozulması halı baş vermiş və pozuntu faktı Audiovizual Şuranın mütəxəssisləri tərəfindən təsbit olunub.
Qeyd olunanlar nəzərə alınaraq Audiovizual Şuranın üzvləri “ARB” kanalına qarşı sanksiya tətbiq edilməsi və kanalın yayımının 15 yanvar tarixində 3 saatlıq dayandırlması barədə qərar qəbul ediblər.