19 yanvar 2026-cı il tarixdə 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Heftelik.az xəbər verir ki, tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 6-cı Ərazi sektorunun müdiri Ağa-Əli Əhmədov və Azərbaycan Respublikası Milli Məclisinin deputatı xanım Jalə Əliyeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Ucar Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov çıxış edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin inkişafı ilə əlaqədar söylədiyi fikirlər, verdiyi tapşırıqlar il ərzində rayonumuzda uğurla yerinə yetirilmiş və bir çox sahələrdə müsbət nəticələr əldə olunmuşdur.
2025-ci il ərzində rayon üzrə ümumi məhsul buraxılışı keçən ilin müvafiq dövrü ilə müqaisədə 8,0 faiz, sənaye 10,0 faiz, əsas kapitala investisiya 16,3 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 9,0 faiz, pərakəndə ticarət dövriyyəsi 4,0 faiz, informasiya və rabitə xidməti 49,1 faiz artmışdır. İl ərzində 1762537 kubmetr su satılmış, 579729 manat toplanılmışdır. 8,9 km 10 kilovoltluq elektrik verilişi xətti əsaslı, 26,1 km cari təmir olunmuş, 13,0 km 0,4 kilovoltluq elektrik verilişi xətti əsaslı, 34,6 km cari təmir olunmuşdur. 54 ədəd yeni sayğac quraşdırılmış, 433 ədəd sayğac dəyişdirilmişdir. 13 ədəd transformator əsaslı, 250 ədəd cari təmir olunmuşdur. Respublika və yerli əhəmiyyətli yollarda 780,8 min manat iş həcmi yerinə yetirilmişdir. Hesabat dövrü ərzində 2236 nəfər işaxtaran kimi qeydiyyata alınmış və 1195 nəfər işlə təmin edilmişdir. 2025-ci il ərzində 19 ailə “Özünüməşğulluq” proqramı vasitəsilə iribuynuzlu heyvanlarla təmin edilmişdir. Rayonun iqtisadiyyatına özəl investisiyaların artırılması istiqamətində görülən tədbirlər nəticəsində Qarabörk kəndi ərazisində yanacaqdoldurma məntəqəsi yenidən qurulmuş, 2024-cü il ərzində 400,0 min manat, 2025-ci ilin yanvar ayında isə 200,0 min manat olmaqla cəmi 600,0 min manat vəsait xərclənmişdir. Qarabörk kəndi ərazisində mövcud Quşçuluq müəssisəsində yenidənqurma işləri aparılmış, 2,0 milyon manat vəsait xərclənmiş, müəssisənin gücü ildə 1500,0 ton quş əti istehsalına çatdırılmışdır. Bundan əlavə Qarabörk kəndi ərazisində gündəlik emal gücü 20,0 ton olan çəltik emalı müəssisəsi tikilərək istifadəyə verilmiş, bu məqsədlə 600,0 min manat vəsait xərclənmişdir.
Hesabat ilində 227 nəfər ali məktəblərə qəbul olunmuş, onlardan 11 nəfəri 600 baldan yüksək nəticə göstərilmişdir, bu da əvvəlki ildəkindən çoxdur. Heydər Əliyev Fondu tərəfindən müasir standartlara uyğun tədris avadanlıqları ilə təchiz olunmuş Ucar şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin binası inşa olunmuşdur. Səhiyyənin maddi-texniki bazası möhkəmləndirilmiş, rayon əhalisinin sağlamlığının qorunmasına, yoluxucu xəstəliklərin qarşısının alınmasına lazımi səy göstərilmişdir. İdmanın kütləviliyinin artırılması, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi, gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi sahəsində müəyyən tədbirlər görülmüşdür.
Hesabat dövründə əvvəlki illərdə olduğu kimi Rayon İcra Hakimiyyəti Başçısı Aparatında vətəndaşların müraciətlərinə baxılması sahəsində aparılmış tədbirlər davam etdirilmişdir.
Hesabat yığıncağında çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 6-cı Ərazi sektorunun müdiri Ağa-Əli Əhmədov və Azərbaycan Respublikası Milli Məclisinin deputatı xanım Jalə Əliyeva və digər natiqlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən hərtərəfli və sürətli tərəqqidən danışaraq 2025-ci ildə islahatların yeni mərhələsinə qədəm qoyulduğunu və məqsədyönlü şəkildə həyata keçirilməsi üçün çox ciddi addımlar atıldığını, eyni zamanda Ucar rayonunda həyata keçirilən abadlıq-quruculuq işlərinin, sosial infrastrukturun yenilənməsinin Cənab Prezidentin siyasətinin real nəticəsi olduğunu bildirmişlər.
Sonda cari ilin hədəflərini əks etdirən qərar qəbul olunmuş, toplantı iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanan müraciətdə rayonun sürətli inkişafına göstərdiyi diqqət və qayğıya görə Ölkə Rəhbərinə minnətdarlıq ifadə olunmuşdur.















