Sabirabad şəhər N. Nərimanov adına 2 nömrəli beynəlmiləl Təbiət və Texniki fənlər təmayüllü məktəb-liseydə Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olan “Şagirdi tanı, toxunduğun həyatı dəyiş” layihəsi uğurla icra olunaraq 2026-cı ilin yanvar ayında yekunlaşıb.
Heftelik.az xəbər verir ki, layihənin icrasına 8 oktyabr 2025-ci il tarixdə başlanılmış və bu münasibətlə keçirilən açılış iclasında Mil-Muğan Regional Təhsil İdarəsinin Sabirabad sektoru üzrə müdiri Mircamal Həşimov, layihənin koordinatoru Sevinc Məhərrəmova, məktəb-liseyin direktoru və layihənin müəllifi Elşad Şərifov, eləcə də təhsil ictimaiyyətinin nümayəndələri iştirak etmişdilər.
İcra müddətində layihənin məqsədi – hər bir şagirdin fərdi xüsusiyyətlərini, maraq və bacarıqlarını nəzərə almaqla onların potensialının üzə çıxarılması, inklüziv və differensial təlim yanaşmalarının məktəb mühitində tətbiqi – ardıcıl şəkildə reallaşdırılıb.
Təlimlər “Səssiz səsin ardınca: danışmayan və qapalı uşaqları necə duya bilərik?”, “Oxumağa mane olmayan səslər: disleksiya və öyrənmə çətinlikləri”, “Psixi inkişaf ləngiməsi” və digər aktual mövzuları əhatə edib. Tədris prosesi yalnız nəzəri biliklərlə məhdudlaşmayaraq, müəllimlərin siniflərdə rastlaşdıqları real çətinliklər üzrə praktiki yanaşmalarla zənginləşdirilib.
Eyni zamanda layihə çərçivəsində 4 ay davam edən onlayn təlimlərdə 100-ə yaxın müəllim iştirak edib. Təlimlər müəllimlər arasında böyük maraq doğurub və inklüziv təhsilə münasibətdə yeni baxışların formalaşmasına töhfə verib.
Layihənin rəhbəri Elşad Şərifov inklüziv təhsilin əhəmiyyətindən danışaraq bildirib ki, təhsildə əsas məqsəd yalnız bilik ötürmək deyil, şagirdi bir şəxsiyyət kimi tanımaq və onun ehtiyaclarına uyğun mühit yaratmaqdır. Onun sözlərinə görə, inklüziv təhsil xüsusi qayğıya ehtiyacı olan uşaqlarla yanaşı, bütün şagirdlərin bərabər imkanlar əsasında inkişafına xidmət edir:
“Şagirdi tanımaq – onun həyatına toxunmaq deməkdir. Müəllim şagirdi anladıqda, təhsil həqiqi mənada dəyər qazanır.”
Qeyd edək ki, layihənin rəhbəri Elşad Şərifovdur və təşəbbüs məktəbdə innovativ yanaşmaların tətbiqinə, müəllimlərin peşəkar səriştələrinin artırılmasına və təhsilin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verib.



