Nnaşir Şahbaz Xuduoğlu “Liv Bona Dea” Hospitalda əməliyyat olunan həyat yoldaşı, “Əli və Nino” kitab evinin sahibi Nigar Köçərlinin cərrahi əməliyyatı zamanı üzləşdikləri problemlərdın yazıb.
Heftelik.az xəbər verib ki, Şahbaz Xuduoğlu sosial şəbəkədə paylaşımında qeyd edib ki, yanvarın 14-də həyat yoldaşı Nigar Köçərli Bakıdakı “Liv Bona Dea” Hospitalda planlı əməliyyat olunub:
Yəni hər bir prosedur əvvəlcədən müəyyən edilmişdi. Bu əməliyyatın tibbi tərəfləri ilə bağlı mübahisəyə girmək niyyətində deyiləm – bunun üçün müvafiq peşəkar və hüquqi mexanizmlər mövcuddur. Niyyətim qısa yazı ilə gördüklırimi sizə çatdırmaqdır
Əməliyyatın ödənişi edildikdən sonra birinci mərtəbədə gözləməyə başladıq.
Bir qədər sonra tibbi personal gəldi və həyat yoldaşımı liftlə yuxarı apardı. Həmin anda bildirildi ki, yuxarı qalxmağıma icazə verilmir və birinci mərtəbədə gözləməliyəm. Ciddi etiraz etməsəm də, xatırlatdım ki, həyat yoldaşıyam və onun yanında ola bilərəm. Cavab qəti oldu: “Xeyr, siz burada gözləməlisiniz.”
Bir müddət sonra Nigar özü mesaj yazdı ki, üçüncü mərtəbədə palataya yerləşdirilib və müəyyən hazırlıqdan sonra əməliyyata aparılacaq. Təxminən saat 9 radələrində əməliyyata götürüldü. Mənə deyilənə görə, əməliyyat 1–1,5 saat, maksimum 2 saat çəkməli idi və ən gec saat 11-ə qədər bitməsi gözlənilirdi.
Bu müddət ərzində birinci mərtəbədə gözlədim. Müəyyən fasilələrlə qeydiyyata yaxınlaşıb əməliyyatla bağlı hər hansı məlumat olub-olmadığını soruşurdum. Hər dəfə eyni cavabı aldım: “Xəbər yoxdur.”
Saat 11-dən sonra ciddi narahat oldum. Nəhayət, mənə bildirildi ki, əməliyyat bitib, lakin xəstə ayılma otağındadır. Ayılma otağında qalma müddətini soruşduqda “adətən bir saatdan çox olmur” deyildi. Lakin bu bir saat da keçdi, iki saat da – yenə heç bir aydın məlumat verilmədi.
Bu mərhələdə artıq açıq şəkildə narahat olduğumu bildirdim və dedim ki, bu qədər uzun müddət ayılma otağında qalmaq normal görünmür. Məhz bundan sonra qəbuldakı əməkdaşlardan biri mənə dedi: “İstəsəniz, özünüz üçüncü mərtəbəyə qalxa bilərsiniz.”
Bu məqam xüsusilə anlaşılmaz idi. Səhər saatlarında “qəti olmaz” deyilən şeyin, indi “əlbəttə, olar” kimi təqdim edilməsi suallar doğururdu. Buna baxmayaraq, üçüncü mərtəbəyə qalxdım. Orada da bildirildi ki, hələ ayılma otağındadır və gözləmək lazımdır.
Bir qədər sonra palatanın yeri göstərildi. Otağa baxanda məlum oldu ki, bu palata ürək əməliyyatı keçirmiş xəstə üçün nəzərdə tutulub və həyat yoldaşım onunla eyni otaqda yerləşdiriləcək. Bunun ginekoloji əməliyyatla nə əlaqəsi olduğunu soruşdum, lakin konkret cavab ala bilmədim.
Yenidən gözləməyə davam etdim. Vaxt uzandıqca narahatlığım daha da artdı. Nəhayət, xahiş etdim ki, heç olmasa əməliyyat həkiminin telefon nömrəsi verilsin. Məlum oldu ki, həkim ümumiyyətlə xəstəxanada deyil və artıq gedib. Uzun cəhdlərdən sonra onunla əlaqə yaradıldı və yalnız həmin zaman bildirildi ki, həyat yoldaşımın şiddətli ağrıları olub, əlavə ağrıkəsicilər tətbiq edilib və bu səbəbdən ayılma otağında saxlanılıb.
Bu məlumat məni qismən sakitləşdirdi. Lakin əsas sual açıq qaldı: bütün bunlar baş verərkən, niyə ailə üzvü kimi mənə vaxtında və dürüst məlumat verilməyib? Niyə əməliyyatın uzanması, ağrıların yaranması və əlavə müdaxilələr barədə heç bir açıqlama verilməyib?
Sonradan üçüncü mərtəbədən həyat yoldaşımın paltarlarını götürməyimi istədilər. Bu da qəribə gəldi. Çünki çoxsaylı xəstəxana təcrübələrində adətən belə hallarla yalnız ciddi problemlər zamanı qarşılaşılır. Üstəlik, bu səviyyədə xidmət iddiası olan bir müəssisədə xəstənin yerləşdirilməsi və logistika məsələləri xəstəxananın özü tərəfindən həll olunmalıdır.
Bir qədər sonra qərar yenidən dəyişdirildi və bildirildi ki, üçüncü mərtəbə yox, ikinci mərtəbədə palata ayrılıb. Nəhayət, həyat yoldaşım ora gətirildi.
Ən sarsıdıcı məqam isə sonradan üzə çıxdı. Mənə deyilən “ayılma otağındadır” ifadəsi faktiki olaraq tam həqiqəti əks etdirməyib. Həyat yoldaşım ayıq vəziyyətdə, şiddətli ağrılar içində qıvrıldığı halda, uzun müddət ona real və adekvat yardım göstərilməyib. Bu müddət ərzində mənə yanlış və natamam məlumatlar verilib.
Sosial şəbəkədə paylaşım edəndən sonra xəstəxana rəhbərliyi mənimlə əlaqə saxladı. (Hərçənd əməliyyatdan dərhal sonra iradlarımızı bildirdik, etiraz etdik amma laqeydliklə məsələnin üstündən keçdilər) Lakin o zənglər yaşananları dəyişmir. Bu gün də zəng edə bilərlər – bunun mahiyyəti dəyişmir.
Bizə dolayısı ilə “əvvəlcədən müraciət etsəydiniz” kimi yanaşmalar da oldu. Halbuki biz məhz buna ehtiyac qalmasın deyə bu xəstəxananı seçmişdik. Mən “Liv” ın İstanbul filialının xidmətindən istifadə etmişəm və oradakı səviyyəni görmüşəm. Məntiqimiz sadə idi: zənglər, xahişlər, vasitəçilik olmasın, xərci ödəyək, amma keyfiyyətli və insani xidmət alaq.
Əvəzində isə yüksək məbləğdə ödəniş edib, informasiya boşluğu, biganəlik və qeyri-insani münasibətlə üzləşdik.
Məni məyus edən əsas məsələ də məhz budur.
Bu açıqlamanı emosional reaksiya kimi yox, məsuliyyətli və düşünülmüş mövqe kimi qəbul etməyi xahiş edirəm. Mən nə kimisə linç etməyə, nə də sosial şəbəkə mübahisəsi aparmağa çalışıram. Amma baş verənlərə susmaq da doğru olmaz.
Bizim gözləntimiz çox sadə idi. Şəffaflıq, vaxtında və dürüst məlumat, ağrı içində olan xəstəyə insan kimi yanaşma”.