Cənubi Qafqazda enerji liderliyi

22 Yanvar 2026, 09:57

Prezident İlham Əliyev: “Azərbaycan Cənubi Qafqazda enerji ehtiyatlarına malik olan və bu ehtiyatları sistemli şəkildə ixrac edən yeganə ölkədir”

Hazırda Azərbaycan Cənubi Qafqazın enerji təhlükəsizliyinin əsas dayağıdır. Azərbaycanın enerji uğurlarının arxasında zəngin təbii resurslar, inkişaf etmiş nəqliyyat-logistika sistemi və müasir boru kəməri infrastrukturu dayanır. Xəzər dənizindəki böyük qaz və neft yataqları, ölkədaxili və beynəlxalq boru kəmərləri, terminallar və kompressor stansiyaları Azərbaycanın enerji ixracını dayanıqlı və təhlükəsiz edir. Bu infrastruktur Avropa ölkələri üçün enerji təhlükəsizliyinin gücləndirilməsi, Azərbaycan üçün isə premium bazarlara çıxış deməkdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu əməkdaşlıq qarşılıqlı faydaya əsaslanır və tərəflər arasında etimada söykənir. Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsində “Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycanın regional və qlobal enerji bazarındakı strateji rolunu bir daha aydın şəkildə ortaya qoydu. Dövlət başçısının vurğuladığı əsas məqam ondan ibarətdir ki, Azərbaycan Cənubi Qafqazda enerji ehtiyatlarına malik olan və bu ehtiyatları sistemli şəkildə ixrac edən yeganə ölkədir. Bu reallıq ölkəni təkcə regional deyil, həm də beynəlxalq enerji təhlükəsizliyinin mühüm iştirakçısına çevirir.

Müsahibədə qeyd edildiyi kimi, region ölkələri uzun illərdir enerji baxımından Azərbaycandan asılıdır. Gürcüstan uzun müddətdir ki, öz enerji balansını Azərbaycan qazı və nefti hesabına təmin edir. Son dövrlərdə isə Ermənistanın da enerji ehtiyaclarının müəyyən hissəsini Azərbaycandan idxal etməsi faktı regionda yaranmış yeni iqtisadi reallıqları əks etdirir. Bu, Azərbaycanın enerji siyasətinin təkcə kommersiya deyil, həm də regional sabitliyə xidmət edən bir alət olduğunu göstərir. Prezident İlham Əliyev xüsusilə Avropa və Avropa İttifaqı ilə enerji əməkdaşlığının sürətlə artdığını vurğulayıb. Hazırda Azərbaycanın 16 ölkəyə təbii qaz ixrac etməsi, onların 10-nun Avropa İttifaqının üzvü olması ölkənin Avropanın enerji xəritəsində tutduğu mövqeyi açıq şəkildə nümayiş etdirir.

Cənub Qaz Dəhlizi, TANAP, TAP kimi nəhəng layihələr sayəsində Azərbaycan Avropanın enerji mənbələrinin şaxələndirilməsində həlledici rol oynayır. Prezidentin qeyd etdiyi kimi, boru kəməri qazının coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Bu göstərici təkcə texniki imkanları deyil, eyni zamanda siyasi etibarlılığı və uzunmüddətli tərəfdaşlıq mədəniyyətini ifadə edir. Azərbaycan qazı təkcə Avropa bazarı ilə məhdudlaşmır. Son dövrlərdə Suriyaya qaz ixracına başlanması ölkənin Yaxın Şərq bazarlarında da aktiv oyunçuya çevrildiyini göstərir. Bununla belə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, qiymət və iqtisadi səmərəlilik baxımından ən cəlbedici bazar məhz Avropa bazarıdır. Bu yanaşma Azərbaycanın enerji siyasətinin praqmatik və balanslı xarakter daşıdığını sübut edir: bazarların şaxələndirilməsi riskləri azaldır, Avropa ilə əməkdaşlıq isə yüksək gəlir və uzunmüddətli sabitlik təmin edir.

Müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik anlayışı təkcə ölkədaxili sabitliklə məhdudlaşmır. Qloballaşan dünyada dövlətlərin təhlükəsizliyi birbaşa regional və hətta qlobal proseslərlə sıx bağlıdır. Bu baxımdan Azərbaycanın mövqeyi aydındır: ölkə daxilində potensial risklər mövcud deyil, lakin regional və beynəlxalq proseslər daim diqqətlə izlənilməlidir. Azərbaycan bu gün daxili sabitlik baxımından regionun ən güclü və dayanıqlı ölkələrindən biridir. Güclü dövlət institutları, ictimai-siyasi sabitlik, sosial həmrəylik və təhlükəsizlik strukturlarının effektiv fəaliyyəti ölkə daxilində risklərin qarşısını alan əsas amillərdir. Məhz buna görə də potensial təhlükələr daxildən deyil, kənar faktorlar və regional qeyri-sabitliklərdən qaynaqlana bilər.

Hər bir məsuliyyətli dövlət kimi Azərbaycan da öz sərhədləri boyunca baş verən prosesləri diqqətlə izləyir. Qonşu ölkələrdə yaranan gərginliklər, siyasi və sosial qeyri-sabitlik birbaşa regional təhlükəsizlik mühitinə təsir göstərir. Bu kontekstdə İranda baş verən müəyyən qeyri-sabitlik hallarının narahatlıq doğurması təbiidir. Azərbaycan üçün əsas prioritet regionda sabitliyin qorunması və gözlənilməz risklərin qarşısının alınmasıdır.

Azərbaycan xalqı müharibənin və işğalın acı nəticələrini uzun illər boyu yaşamışdır. Minlərlə insanın həyatını itirməsi, şəhər və kəndlərin dağıdılması, milyonlarla insanın məcburi köçkünə çevrilməsi ölkənin tarixi yaddaşında dərin izlər buraxıb. Məhz bu səbəbdən bu gün sülh, təhlükəsizlik və sabitlik Azərbaycan üçün sadəcə siyasi məqsəd deyil, həyati dəyərdir. Təcrübə göstərir ki, istənilən ölkənin inkişafı və rifahı yalnız sabitlik şəraitində mümkündür. Müharibə və qarşıdurma iqtisadiyyatı zəiflədir, sosial problemləri dərinləşdirir və gələcək nəsillər üçün risklər yaradır. Buna görə də Azərbaycan regionda sülhün və əməkdaşlığın tərəfdarı kimi çıxış edir və bu yanaşmanın alternativinin olmadığını vurğulayır.

Qlobal enerji bazarları da regional sabitlikdən birbaşa asılıdır. Lakin hazırkı vəziyyət göstərir ki, neft bazarında nisbi tarazlıq mövcuddur. Neftin qiymətinin sabit qalması, xüsusilə Azərbaycan üçün məqbul səviyyədə olması müsbət göstəricidir. Bu fakt İranda, Venesuelada və ya dünyanın digər bölgələrində baş verən proseslərin qlobal neft qiymətlərinə ciddi təsir göstərmədiyini nümayiş etdirir. Bu cür sabitlik həm hasilatçı, həm də istehlakçı ölkələr üçün mühüm əhəmiyyət daşıyır. Enerji bazarlarında proqnozlaşdırıla bilənlik investisiya mühitini yaxşılaşdırır, uzunmüddətli layihələrin planlaşdırılmasına imkan yaradır və qlobal iqtisadi sabitliyə töhfə verir. Azərbaycan da bu prosesdə məsuliyyətli enerji təchizatçısı kimi çıxış edərək bazarda balansın qorunmasına xidmət edir.

Azərbaycanın əsas istəyi Cənubi Qafqazda və ətraf regionlarda vəziyyətin pisləşməməsi, əksinə, sabitliyin və əməkdaşlığın möhkəmlənməsidir. Regionda sülhün bərqərar olması yalnız ayrı-ayrı ölkələrin deyil, bütün xalqların rifahına xidmət edir. Sabit mühit ticarətin, nəqliyyat layihələrinin, enerji əməkdaşlığının və humanitar əlaqələrin inkişafı üçün əsas şərtdir. Prezident İlham Əliyevin Davosdakı müsahibəsi Azərbaycanın enerji strategiyasının mahiyyətini aydın şəkildə ortaya qoyur: regional liderlik, Avropa ilə dərin strateji tərəfdaşlıq, müasir infrastruktur və etibarlı təchizatçı imici, qlobal enerji təhlükəsizliyinə real töhfə. Bütün bunlar Azərbaycanın təkcə enerji ixrac edən ölkə deyil, qlobal enerji arxitekturasının formalaşmasında söz sahibi olan dövlət olduğunu təsdiqləyir.

 

Nəbi Ağayev

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun

PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri