“Dərinə getsək, mən 37 ildə AYB-də o qapını heç 37 dəfə də açmamışam”.
Heftelik.az xəbər verir ki, bunu Bakupost.az-a açıqlamasında yazıçı-şair Zahid Sarıtorpaq Azərbaycan Yazıçılar Birliyindən (AYB) istefa verməsinin səbəblərindən danışarkən deyib.
Onun sözlərinə görə, AYB-də onun adından saxta zəmanət hazırlanaraq üzvlüyə qəbul edilən şəxsə Bakıda evi ola-ola mənzil verilib:
“İki dəfə ərizəmi siliblər. 2012-ci ildən bəri “ərizən yoxdur” deyirlər. Kirayələrdə yaşayan bir adam olmuşam. Elə indi də kirayədəyəm. Bu adamlardan özümə qarşı gördüyüm haqsızlığa görə istefa vermişəm.
Ev verdikləri adamlar da yazılarını ortaya qoysunlar, Zahid Sarıtorpaq da, müzakirə edək, baxaq görək kim hansı səviyyədə yazıçıdır. Söhbət bundan gedir. Konkret şeylər demirəm, amma buna görə oradan üz döndərməli oldum. Yoxsa beş illiyin ödənişi nə olan şeydir ki? Hardasa 75–90 manat puldur, ödəyərdim də, oturardım da. Sadəcə elə fikirləşdim ki, yaxşısı budur, buradan birdəfəlik gedim, vəssalam. Orada konkret adamlar var ki, həmişə mənə qarşı düşmənçilik aparıblar. Mən televiziyaya da çıxmışam və həmin adamları yerinə oturtmuşam. 2012-ci ildə ev məsələsi ilə bağlı mənimlə debat etmişdilər. Ondan sonra da mənə qarşı düşmənçilik aparmağa başladılar. Məsələ budur”.