23 yanvar 2026-cı il tarixdə Rayon icra Hakimiyyətinin inzibati binasının akt zalında 2025-ci ilin sosial – iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilib.
Heftelik.az xəbər verir ki, hesabat yığıncağında Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Zöhrab Bağırov, Milli Məclisin deputatı Ceyhun Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ağsaqqallar, şəhid ailələri, qazilər, veteranlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İştirakçılar əvvəlcə Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov rayonda 2025-ci il ərzində görülmüş işlər, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı geniş hesabat məruzəsi ilə çıxış edib. İcra başçısı ölkə miqyasında müxtəlif sahələrdə əldə olunmuş uğurlar və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərindən söhbət açaraq bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə davamlı iqtisadi islahatlar həyata keçirilir, bütün sahələr üzrə dinamik inkişaf təmin olunur, yeni iş yerləri yaradılmaqla əhalinin məşğulluq səviyyəsi yüksəldilir. İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi Cəbrayıl rayonunda da “Böyük Qayıdış” proqramı uğurla icra olunur, sakinlərin öz ata-baba yurdlarında daimi məskunlaşmaları təmin edilir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Zöhrab Bağırov, Milli Məclisin deputatı Ceyhun Məmmədov və digər çıxış edənlər rayonun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər, əhalinin məşğulluğu, sosial rifahın yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək, əldə olunan nailiyyətlərin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olduğunu vurğulayıblar.
Sonda yığıncaq iştırakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb.





















