“Yelo Bank” ASC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub.

Heftelik.az xəbər verir ki, “Yelo Bank” ASC tərəfindən “Banklar və xarici bankların yerli filialları tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası”nın tələblərinin pozulmasına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq, İnzibati Xətalar Məcəlləsinin 439.2-ci maddəsinə əsasən “Yelo Bank” ASC-nin vəzifəli şəxsi 1 500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 439.2-ci maddəsinə əsasən, bank və ya xarici bankın yerli filialı tərəfindən prudensial və maliyyə hesabatlarının Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.