Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi dövlət teatrlarının yeni əsasnamələrində, struktur və ştat cədvəllərində dəyişiklik edib. Yeni dəyişikliklərə əsasən, dövlət teatrlarında bədii rəhbər, baş rejissor, baş rəssam və digər buna bənzər vəzifələr ləğv edilib. Onların əvəzində isə mədəniyyət ocaqlarının ştat cədvəlində yaradıcılıq, tərtibat, maliyyə və marketinq əsaslı şöbələr yaradılıb.

Nazirliyin bu qərarından sonra sosial şəbəkələrdə və mətbuat səhifələrində məlumat yayılıb ki, teatrlarda baş rejissor ştatının ləğvi Akademik Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru Mehriban Ələkbərzadə ilə bağlıdır.

Xatırladaq ki, bir müddət öncə sözügedən teatrda Bədii Şuranın iclasında aktyorlar arasında mübahisə yaranmışdı. Həmin mübahisədən sonra teatrın aktyorları tərəfindən Mədəniyyət Nazirliyinə Mehriban Ələkbərzadə ilə bağlı şikayət edilmişdi. Yayılan iddialara əsasən, guya mədəniyyət naziri Adil Kərimli Mehriban Ələkbərzadəni işdən çıxara bilmədiyindən bütün teatrlarda baş rejissor ştatını ləğv etmək məcburiyyətində qalıb.

Heftelik.az.az Qaynarinfo-ya istinadən xəbər verir k, bu iddialara Mehriban Ələkbərzadə nə deyir? Eks-baş rejissor bildirib ki, bu qərarı Mədəniyyət Nazirliyi verib:

“Bütün qərarlar nazirlik tərəfindən verilir. Necə yəni mənə görə ləğv edilib? Mədəniyyət Nazirliyi tək Mehriban Ələkbərzadəyə görə bütün teatrların baş rejissor məsələsini bu cür bəsit həll edərmi? Azərbaycanda 26 teatr var. Ən azı Bakıda 11 teatr fəaliyyət göstərir. Bu qədər teatrın baş rejissorlarının vəzifəsi mənə görə ləğv edilib? Nə yaxşı, əladır ki…”

“Akademik Milli Dram Teatrının aktyorları hesab edir ki, sizi işdən çıxara bilmədikləri üçün bütün teatrların ştatı ləğv edilib” fikrinə cavab olaraq Mehriban Ələkbərzadə bildirib:

“Həmin aktyorların savadı ora qədərdir. Rəsmi qurum Mədəniyyət Nazirliyidir. Bu, uzun müzakirələrdən sonra gəlinən bir konsepsiyanın sonucudur”.