UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda keçiriləcək “Qarabağ” – “Liverpul” oyunu Azərbaycan çempionunun İngiltərə klublarına qarşı doqquzuncu dueli olacaq.
Heftelik.az Report-a istinadən xəbər verir ki, “köhlən atlar” əvvəlki səkkiz qarşılaşmanın yeddisində uduzub, birində isə heç-heçə edib.
Qapısında 23 qol görən komanda 3 dəfə fərqlənib.
İlk qarşılaşma 2015-ci ildə gerçəkləşib. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv UEFA Avropa Liqasının qrup mərhələsində “Tottenhem”ə rəqib olub. London təmsilçisi hər iki görüşdə qalib gəlib – 3:1, 1:0.
“Qarabağ” ardınca UEFA Çempionlar Liqasının qrup mərhələsində bu ölkənin “Çelsi” komandası ilə üz-üzə gəlib. İngiltərədə 6 cavabsız qola üzülən ağdamlılar Bakıda 0:4 hesabı ilə məğlub olub.
“Köhlən atlar” 2018-ci ildə UEFA Avropa Liqasının qrup mərhələsində “Arsenal”la qarşılaşıb. Azərbaycan çempionu bu dəfə də hər iki qarşılaşmadan məğlub ayrılıb – 0:3, 0:1.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 2024-cü ildə UEFA Avropa Liqasının Liqa mərhələsində “Tottenhem”lə səfərdə münasibətlərə aydınlıq gətirib. Londonlular 3:0 hesablı qələbəyə seviliblər.
Azərbaycan təmsilçisi son olaraq ötən ilin noyabrında, hazırkı turnirin əsas mərhələsində Bakıda “Çelsi”ni qəbul edib. Həmin matç 2:2 hesabı ilə başa çatıb.
Qeyd edək ki, “Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
