Uşağın qanunla müəyyən edilmiş yaşayış minimumu məbləğindən az olmayan məbləğdə maddi təminat almaq hüququ var.
Heftelik.az-ın xəbərinə görə, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Uşaq hüquqları haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, hər bir uşaq sosial təminat hüququna malikdir. Uşağın qanunla müəyyən edilmiş yaşayış minimumu məbləğindən az olmayan məbləğdə maddi təminat almaq hüququ var. Dövlət uşaqların sosial müdafiəsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə sosial yardım göstərir. Çətin həyat şəraitində olan uşaqlara və onların ailələrinə “Sosial xidmət haqqında” qanuna əsasən dövlət sosial xidmət müəssisələrində və evlərdə zəmanət verilmiş həcmdə ödənişsiz sosial xidmətlər göstərilir. Yerli özünüidarəetmə orqanları uşaqlara dövlət sosial təminatından əlavə təminatlar nəzərdə tutan yerli sosial müdafiə proqramları həyata keçirirlər. Qeyri-hökumət təşkilatları dövlət sifarişləri çərçivəsində və ya öz təşəbbüsləri və maliyyə vəsaitləri hesabına uşaqların sosial müdafiəsi üzrə tədbirlər həyata keçirirlər.
