İmişli rayonunun Hacıalmuradlı kənd orta məktəbinin şagirdinin direktor tərəfindən zorakılığa məruz qaldığı iddia olunur.
Heftelik.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsindən Lent.az-a bildirilib ki, hadisədə iştirak edən şəxslərin kimliyini və görüntünün nə zaman çəkildiyini dəqiq müəyyən etmək üçün araşdırma aparılır:
“Şagirdə qarşı uyğunsuz davranışa yola verən şəxsin İmişli rayonu Hacıalmuradlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru olması ilə bağlı yayılan iddiaların həqiqəti əks etdirib-etdirmədiyi nəzarətə götürülüb. Yayılan görüntü ilə bağlı aparılan araşdırmanın gedişində hadisənin bütün detalları dəqiqləşdiriləcək və ictimaiyyətə məlumat veriləcək.
Media nümayəndələrini proses yekunlaşana qədər yalnız rəsmi mənbələrə istinad etməyə çağırırıq”.
