Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ekstradisiyası dünən Rusiya Prezidenti Vladimir Putinin Suriya lideri Əhməd əl-Şaraa ilə danışıqları zamanı müzakirə olunmayıb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Vladimir Putin və Əhməd əl-Şaraa Rusiya ilə Suriya arasında ticari-iqtisadi əlaqələri müzakirə ediblər: “Danışıqlar Dəməşqlə Moskva arasında ticari-iqtisadi münasibətlər və onların inkişafına yönəlib”.

Kremlin sözçüsü vurğulayıb ki, iki ölkə ticari-iqtisadi sahədə əməkdaşlıq üçün böyük potensiala malikdir və buna qarşılıqlı maraq göstərir.

Peskov dünənki görüşdə Suriyadakı Rusiya hərbi bazalarının müzakirə edildiyini də vurğulayıb. Lakin o, detalları açıqlamaqdan imtina edib.